Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Nuridə Kərimovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Unikal.org Apa-ya istinadən xəbər verir ki. hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi, qətlə yetirilən V. Kərimovun atası Səfa Kərimov gəlinini bağışladığını deyib: "Mənim heç bir şikayət və tələbim yoxdur. Gəlinimi bağışlayıram. Bir uşağı var. Olan oldu. Mən nəvəmi istəyirəm. Ona görə xahiş edirəm ki, Nuridə Kərimovanı azadlığa buraxın".
Şahidlər gəlmədiyi üçün prosesdə fevralın 14-dək fasilə elan olunub.
Qeyd edək ki, qətl hadisəsi ötən ilin iyulun 23-də Ramana qəsəbəsində baş verib. Nuridə Kərimova həyat yoldaşı, 32 yaşlı Vüqar Kərimovu münaqişə zəminində qətlə yetirib.
Evə içkili halda gələn Vüqar Kərimovla həyat yoldaşı arasında dava düşüb. Ərinin bıçaqla onu öldürəcəyini görən qadın cəld tərpənərək bıçaqla ona zərbələr endirib. V. Kərimov hadisə yerində dünyasını dəyişib.