Əməkdar artist Rəhman Rəhmanov milli.az-a həbsdə olan oğlu Emil Rəhmanovla bağlı açıqlama verib.
Unikal.org-un məlumatına görə, aktyor oğlunun həbsdən çıxmasına 5-6 ayın qaldığını deyib.
Bir müddət əvvəl oğlundan inciyən R.Rəhmanov onu heç vaxt atmadığını bildirib:
"Bir ara yazdılar ki, guya oğlumdan imtina eləmişəm. Yalan söhbətdir. Bir nəfər zəng elədi, salam-kəlam eləməmiş dedi ki, oğlunuzdan imtina eləmisiniz? Hirsləndim ki, ailə işimə qarışmayın. Elə acığımdan dedim ki, özüm bilərəm, oğlumdan imtina edərəm, ya etmərəm. Götürüb hər yerdə yazdılar ki, Rəhman oğlundan imtina edib. Siz də oğlumla bağlı sual verdiniz, amma yaradıcılıqdan, ordan-burdan soruşa-soruşa bu mövzuya keçdiniz. Gördünüz ki, heç hirslənmədim də. Hər kəs bilir ki, mən bu barədə danışmaq istəmirəm, mənə çətindir".
Əməkdar artist həbsə, oğlunu ziyarət etməyə getdiyindən də danışıb:
"Həbsdə olanda dəfələrlə zəng elədi,yalvardı ki, ata, məni bağışla, buradan çıxandan sonra düzgün həyat yaşayacam. Bir gün Teymur Əmrah məni götürüb türməyə apardı,orada da Emil and içdi ki, sonuncu dəfə söz verirəm, düzələcəm. Əslində çox adam elə bilirdi ki, oğlum narkotik istifadə edir, yox, içkiyə qurşanmışdı, bu da onu səhv yollara apardı. Oğlum çox istedadlı uşaqdır, onun sənətini xalq da sevir. Nə qədər fanatları var, məni yandırıb-tökən də budur ki, belə istedadın ola, amma özünə qiymət verə bilməyəsən. İnşallah ki, həbsdən çıxandan sonra bir də keçmişə qayıtmaz, sənəti ilə məşğul olar, mən də ona baxıb ata kimi qürur hissi keçirərəm".