ARB TV-nin "Gəlin danışaq" proqramının növbəti qonağı əməkdar artist Baloğlan Əşrəfov olub.

Unikal.org-un məlumatıan görə, maraqlı açıqlamalar verən əməkdar artist ilk olaraq sənəti barəsində söz açıb:

"Müəllim ailəsində doğulmuşam. Atam direktor idi. Məktəbin radio qovşağı var idi, fasilələrdə orada musiqi səsləndirirdim. Məktəbdə hamıdan seçilirdim. Rayonda tar məktəbi açılanda ilk qəbul olanlardan biri də mən olmuşam. 7-8-ci sinifdə oxuyanda kənddə qadınların toyuna gedirdim. İlk dəfə o vaxt əlimə pul gəldi, 14-15 yaşım olardı. Qazandığım pul da atama böyük dayaq olurdu. Kənddə yavaş-yavaş tanınmağa başladım. Rayon mərkəzində bir müsabiqə keçirilirdi. Gedib iştirak edib qayıtdım. Qayıdandan sonra kəndimizin mədəniyyət evində tədbirlər keçirməyə başladım. Bakıdan mötəbər şəxs kəndimizə gəlmişdi. Mən də uzun zaman idi məşq edirdim. Mənim orada oxuduğum mahnı o qədər maraqla qarşılandı ki, hər kəs əl çaldı. İkinci dəfə oxudum. Bir günün içində hər kəs məni tanıdı".