Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən cari ilin yanvar-fevral ayları ərzində istehsalatla əlaqəli 30 bədbəxt hadisənin (o cümlədən qrup halında baş vermiş 1 istehsalatla əlaqəli bədbəxt hadisənin) qeydiyyatı aparılıb.

ƏƏSMN-nin mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, həmin hadisələr nəticəsində 10 nəfər həlak olub, 22 nəfər xəsarət alıb. İstehsalatla əlaqəli bədbəxt hadisələrin əsasən tikinti, mədənçıxarma, emal, enerji, nəqliyyat və s. sektorlarunda baş verdiyi müəyyən edilib. Dövlət Əmək Müfəttişliyi Xidməti baş vermiş istehsalat qəzaları ilə bağlı aidiyyəti üzrə təhqiqat işlərinin aparılmasını təmin edib. 

Qeyd olunan hadisələrin təhqiqatı zamanı həmin iş yerlərində əməyin mühafizəsi və istehsalatda təhlükəsizlik qaydalarının, işçilərin həyat və sağlamlığının qorunması üçün önləyici tədbirlərin lazımi səviyyədə təşkil olunmadığı, bir sıra hallarda işçilərin fərdi mühafizə vasitələri ilə təmin edilmədiyi və hətta əməyin mühafizəsi ilə bağlı təlimatlandırılmadığı faktları aşkar olunub. Aparılmış təhqiqat işlərinin nəticələri əsasında qanunvericiliyə uyğun şəkildə tədbirlərin görülməsi təmin edilib.