Son günlər paytaxt sakinləri arasında yüksək temperatur, ürəkbulanma, qusma, ishal, öskürək kimi əlamətlərlə müşahidə olunan xəstəlik yayılıb. Bir həftədir yaz tətili olsa da, bu gündən iş, dərslər başlayıb. Bu o deməkdir ki, xəstəliyin bir az da kütləviləşməsinə imkan yaranacaq. Fəsil dəyişikliyi, havanın gün ərzində bir neçə dəfə dəyişməsi də xəstəliklərə yoluxma hallarının artırır.
Unikal.org bildirir ki, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva isə publika.az-a açıqlamasında hazırda ölkə ərazisində təhlükəli bir virusun yayılmadığını deyib.
Onun sözlərinə görə, yayılan xəstəlik kəskin respirator virus infeksiyasıdır.
"Gün ərzində 100, bəzən 200-ə yaxın şəxs kəskin respirator virus infeksiyaları ilə bağlı müraciət edir. Hətta bayram günlərində də müraciətlərin sayı az olub. Yanvar, fevral, hətta mart ayının əvvəllərinə nisbətən xəstələrin sayında iki-üç dəfə azalma var. Havanın temperaturu tez-tez dəyişir. Bu da xəstəliklərin artmasını qaçılmaz edir. Ona görə də insanlara məsləhət görərdik ki, geyimlərini  hava şəraitinə uyğun seçsinlər".
A.Əliyeva deyir ki, yüksək temperatur müşahidə edilən xəstələr mütləq həkimə müraciət etməlidirlər. Xəstəliyi yataq rejimində keçirməli, həkimin müəyyən etdiyi dərmanları qəbul etməlidirlər.