Unikal.org Xalq artisti Rəfael Dadaşov Teleqraf.com-a verdiyi müsahibəni təqdim edir.
- Rəfael müəllim, valideynləriniz Məlik Dadaşov və Sofa Hüseynova tanınmış sənətkardırlar. Siz də incəsənət sahəsinə gəldiniz. Sənətə gələndə valideynlərinizlə müqayisədə özünüzü doğrulda bilməmək qorxunuz vardımı?
- Nənəm Xədicə xanım da səhnəyə çıxan ilk qadınlardan olub. Xədicə xanım, Sofa xanım, Məlik müəllim çox böyük sənətkardırlar. Hətta deyərdim, anam sənətkarlıqda nənəmə çatmır. Ulu öndərimiz Heydər Əliyev deyib ki, "Xədicə xanım mənim kumirimdir". Mən sənətkarlarımızı fəxr hissi ilə yad edirəm. Məlik Dadaşov daha məşhur olub. Kino sahəsi sayəsində bütün Azərbaycanda tanınıb. Bu sənətə gəlmək mənim üçün çox çətin, həm də məsuliyyətli idi. Valideynlərin tanınmış hər bir övlad üçün belədir. Aktyorluğa 30 yaşımda, düşünülmüş formada gəldim. Fikirləşirdim ki, böyüklərimizin səviyyəsinə çatacam. Məndə bir balaca şübhə yaransaydı, bu addımı atmazdım. Oynadığım ilk roldan qəbul edildim və sevildim. Anam deyirdi, xoşbəxtəm ki, insanlar səni sevdilər. Biri var özünü təsdiq etmək, biri də var sevilmək. Sevilmək hər adama qismət olmur. Hətta anam onu da deyirdi ki, neçə illərdir teatrdayam, tanınmışam, amma bu dərəcədə sevilməmişəm. Məni sənətdə sevənlərim saxladı.
"MƏNƏ ALEN DELON ADINI XALQ VERDİ"
-Görünüşünüz, səhnə fakturanız var. Sizi sənət baxımından türk aktyoru Cüneyt Arkınla müqayisə etmək olar...
- Bəli, məni Cüneyt Arkın, Alen Delonla müqayisə edirlər. Cüneyt Arkın da mənim kimi çox kökəlib, yaşlanıb. Amma Alen Delon yox. Anam gözəl olduğuma görə hər zaman zarafatla soruşurdu ki, sən mənim oğlumsan? Mən qardaşlarımdan çox seçilirdim. Onlarla ana bir qardaş idik. Qardaşlarım tamamilə başqa tip idilər. Anam gözəlliyimə məəttəl qalırdı. Qədd-qamətli, göyçək idim. Şou aləmi yarandıqdan sonra Azərbaycanda təzə dəb çıxdı, hər müğənni özünə ləqəb götürməyə başladı. Biri özünü "Əjdaha" elan edir, biri "Qızıl Şlayger"... Mənə Alon Delon adını xalq verdi. Onu da deyim ki, gözəl olmağım sənətdə müəyyən qədər mənə maneə yaratdı. Rejissor Tofiq Kazımzadə bir dəfə məni traktorçu rolunda sınaqdan keçirdi, səhnədə yaxşı oynadım, amma təsdiq etmədi. Soruşdum, məni niyə təsdiqləməlidiniz? Dedi ki, sən traktorçuya oxşamırsan.
-Boy-buxununuz, gözəlliyiniz sənətinizə mane olub, bildik... Bəs, şəxsi həyatınıza necə təsir etdi?
- Şəxsi həyatda problemlərim çox oldu. Baxımlı əri olan hər bir qadın qısqanc olar. Mənim həyat yoldaşım da gözəl və baxımlı xanım idi. Həyatda problemlərim indi də çoxdur… Təki insanlar bir-birinə hörmət etsinlər.
- Məşhur aktyorların həyatına nəzər saldıqda görürük ki, şöhrət qazandıqdan sonra özünə qapanır, yaxud içki aludəçisinə çevrilir... Məşhurluq sizə nələri yaşatdı?
- Bu günümə şükür edirəm. Şükür ki, bu sənətə gəldim. Hər kəsə tövsiyə edirəm ki, hansı sahəyə gəlirsən, gəl, yaradıcı olmağa çalışmalısan.
"HƏLƏ BÖYÜK QIZIMIN İFASINI EŞİTSƏNİZ …"
- Qızınız Səidə Dadaşova da incəsənət sahəsinə gəldi, onu dəstəkləyirsinizmi?
- Bəli, dəstəkləyirəm. Səidə mənim bu sənətə sayəmdə gəldi. İstedadı öldürmək olmaz. Belə bir söz var: "İstedada kömək elə, ona kömək lazımdır. İstedasız onsuz da özünə yol tapacaq". Səidə istedadlıdır. Onun atası, anası, xalası, bacısı, nənəsi, babası istedadlı sənət adamı olub və ya sənət adamıdır. Yəni Səidə sənətkar ailəsində dünyaya gəlib. Səidəyə dayaq lazımdır və hər zaman da dayaq olacam. Sizin vasitənizlə də deyirəm ki, istedadlı insanları qaralamayın, istedadını boğmayın. Qaralamaqla əlinizə heç nə keçməyəcək. Sabah övladlarının qarşısına çıxacaq. Onun haqqında min şayiə yayırlar.
Niyə sənətkar övladını çirkabdan batırmaq istəyirsiz?
-Mən heç kəsin övladına daş atmamışam. Əksinə, demişəm, Allah saxlasın. Sosial şəbəkələrdə də qaralamağa çalışırlar. Onu necə ləkələyəcəksiniz? Səidə öz yolu ilə gedəcək, onun arxasında atası dayanıb.
- Səidə övladına sizin adınızı qoydu...
- Səidə mənim fəxrimdir. Yaxşı oxuyur, səsi var. Hətta böyük qızımın ifasını eşitsəniz... Görəsiniz ki, necə gözəl oxuyur. Unikal səsi və üslubu var. Xalaları Brilliant sənətin brilliantıdır. O, gözümün qabağında böyüyüb. Uşaqlıqdan mızıldaya-mızıldaya oxuyurdu. Bir də gördük, tanınmış müğənni oldu. Oxudu və Brilliant oldu. Anası necə uzaq görən insan olub, Allah ona rəhmət eləsin, adını Brilliant qoyub. Əslində Brilliant adını böyük bacısı Sədaqətə qoymaq lazım idi. Sədaqət gözəl qız idi. Görün ana gələcəkdə necə olacağını hiss edib və həqiqətən də Brilliant oldu.
"BRİLLİANTLA KÜSÜLÜ DEYİLİK"
- Brilliant xanımla münasibətiniz necədir?Bir müddət əvvəl küsülü olduğunuz haqqında xəbərlər yayılmışdı...
- Xeyr, onunla küsülü deyilik. Billiantın xətrini dağlar qədər istəyirəm. Brilliantı ləkələmək mümkün deyil, o, Allah tərəfindən verilən dəyərli insandır. Allah onu ailəsi, dostları, ətrafı üçün yetirib. Ümumiyyətlə, cəmiyyət və xalq üçün... Mənim onunla çox gözəl münasibətim var. Birincisi, o mənim əmim qızıdır, ikincisi, sənətkardır, üçüncüsü, o, Brilliantdır.
- Əminiz qızı Sədaqət Dadaşova ilə ailə həyatı qurdunuz... Sevgi tarixçəsiz necə başladı?
- Sədaqətə vurulanda 15 yaşım vardı. O vaxt Rəfael Dadaşov kimi tanınan aktyor deyildim. Onun anası rəhmətə gedəndən sonra onlara kömək etməyə çalışırdıq. Belə-belə məhəbbət yarandı. O zaman adi bir oğlan idim. Düzdür, gözəl oğlan olduğum üçün ətrafımda qızlar çox idi. Onlar mənə vurulurdular. Bu, bir alın yazısıdır.
- Ailənizin dağılmasına qısqanclıqmı səbəb oldu?
- Bu sualı cavablandırmaq istəmirəm.
-Yəni tanınmış insan olmasaydınız, ailəniz dağılardımı? O zaman ailənizi bir arada saxlaya bilərdinizmi?
- Heç bir söz deməyəcəm...
"İNDİ TƏK-TƏNHAYAM"
- Rəfael müəllim, çox kilo almısınız, kökəlmisiz. Səbəb nədir?
- Cüneyt Arkın da kilo alıb, o məndən də çox kökəlib və qocalıb. Təbii, deyəcəklər ki, formada qalmaq insanın öz əlindədir. Amma ürək əməliyyatı keçirdim, siqareti atdım, oturaq həyat tərzi yaşadım, hər yerə maşınla getdim, idmana laqeyd oldum və bütün bunlar kökəlməyimə səbəb oldu. Onu da deyim ki, gərək insanın qəlbində çiçəklənmə olsun. Sanki qəlbimdə durğunluq əmələ gəlmişdi. Bu da həyat tərzimizə təsir edirdi. Biz də insanıq. Bizim də problemimiz var. Bir az da incikliyim var. Müəyyən bir problemi həll edə bilmirsən. Qapılar üzünə açılmır. Bunlar insanda boşluq əmələ gətirir.
- Sizin kimi sənətkarı qəbul etmirlər?..
- Qəbul etmirlər. Sadəcə, xoş gəlmisiniz, səfa gətirmisiniz, nömrənizi qoyun - deyirlər. Müğənnilər toylardan qazanırlar, aktyorlar haradan qazansınlar? Onlara kömək lazımdır. Şükür Allaha, teatrda işləyirik. Onu da deyim ki, teatrda 70 yaşımı qeyd etmək istəyirlər. Qoqolun "Müfəttiş" əsəri ilə. Yəqin ki, tamaşanı aprelin sonuna qədər təhvil verəcəyik. Seriallardan hələ ki dəvət yoxdur. Çağırmırlar və düşünürlər ki, qonorarı çox istəyəcəm. Bizim kimi aktyorlara dəyərini vermək istəmirlər.
- Aktyorlardan Rasim Balayev və siz zahirən daha baxımlı olmusunuz. Aranızda rəqabət var idimi?
- Xeyr, qətiyyən… O, kinoda, mən isə televizya və teatrda fəaliyyət göstərirdim. Amma olub ki, müəyyən rola məni çəkməli idilər, Rasimi çəkdilər. Eləcə də bir-iki rolda sınaqdan keçmişəm, o rolları da Rasimə veriblər. O çox gözəl kino aktyorudur. Biz heç vaxt bir-birimizə mane olmamışıq.
- Yenidən keçmiş həyat yoldaşınız Sədaqət xanımla bir araya gələ bilərsinizmi?
- Bu məsələyə toxunmayın. Biz də insanıq. Bizim də müəyyən problemlərimiz, sevinən, ağlayan, kədərlənən vaxtımız olur. Bunu mətbuatda işıqlandırmaq doğru deyil. Bəli, mən həyat yoldaşımdan ayrılmışam. Hazırda həyat yoldaşım yoxdur, tək-tənhayam. Amma bunu təfsilatı ilə danışmayacam. Şəxsi həyatımda hansısa problemlər oldu. Şükür Allaha, balalarım yanımdadır. Sədaqət əmim qızıdır, kömək edirəm, əl tuturam. Yenidən nəisə olacaq-olmayacaq onu deyə bilmərəm. Biz Holivvud aktyoru deyilik ki, bu gün ayrıldıq, sabah başqası ilə evlənək. Mən bir dəfə sevmişəm və sevəcəm. İkinci sevgiyə inanmıram. Sevgi insanın həyatında bir dəfə olur.