Salam, dar ağacı!...
12:35 11-07-2012
CƏMİYYƏT
Salam, dar ağacı!...
Adiləşən statistika
Adi iş qaydası kimi, hər gün kompüterin qarşısına əyləşib ölkədəki əsas saytları istər-istəməz ötəri də olsa, nəzərdən keçirməlisən. Xəbər dünyasıdır da, hər çeşiddə məlumatlara rast gəlirsən... düşündürəni var, içiboşları var, sarsıdanı var, sevindirəni var, qəzəbləndirəni var və ... ağrıdanı var. Sonuncular - intihar barədə olan məlumatlardır.
Ən ağrılısı odur ki, ölkədə, demək olar ki, hər gün intihar faktları qeydə alınır. Elə dünən Bakının Suraxanı rayonunda 14 yaşlı Ləman İsmayılova özünü asıb. Və özünü asan, zəhərli maddələr içən, özünü hündür binadan atanlar gündən-günə çoxalır. Qocalar, cavanlar, qadınlar, bəxtiqara kişilər, oxu daşa dəymiş sevgililər ağına, bozuna baxmadan özlərini öldürürlər.
Bir məşhurun dediyi kimi, "Əgər bir nəfər ölürsə, bu, faciədir, iki nəfər ölürsə, böyük bədbəxtlikdir, amma üç nəfər ölübsə, bu, artıq statistikadır".
Və təəssüf ki, bütün dünya üzrə də bu statistika getdikcə çoxalmaqdadır.
Ölkədə intihara da münasibət müxtəlifdir... səviyyədən, dünyagörüşdən və maddi-siyasi maraqlardan asılı olaraq...
İntiharı alın yazısı kimi görənlər var ("Yazığın ki bura qədərmiş!")
İntiharı siyasi alver predmetinə çevirənlər var ("Nə qədər ki, filan kresloda filankəs əyləşib, belə də olacaq!")
İntihara ikrahlı münasibət bəsləyənlər də var ("Bu da özünü öldürməyə vaxt tapdı...")
Və intiharları toyuğun yumurtlaması tək adicə fakt kimi qəbul edənlər də var ("Öldü, öldü də! Böyük şey olub!)
Bütün bunlarla yanaşı, məşhur Amerika yazıçısı Ernest Heminqueyin məşhur bir kəlamını bir daha oxuculara xatırladırıq: "Kilsənin zəngini eşidəndə düşünmə ki, o, hansı rəhmətə gedən üçün səslənir. O sənin üçün səslənir".
Özlərini necə öldürürlər?
Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin məlumatına görə, intihar edənlərin 60-70 faizini kişilər təşkil edir, 30-40 faizi isə qadınlardır. İntihar edən şəxslər icra üsuluna və alətinə görə özünü asma, yandırma, zəhərləmə, müxtəlif alətlərlə (odlu silah, iti, küt əşyalar) özünü öldürmə, hündürlükdən atma, suda boğma, elektrik cərəyanına vurma, nəqliyyat vasitələri (qatar, avtomobil və s.) altına atma və s. yollara əl atmaqla həyatlarına qəsd edirlər.
Bunlar arasında özünü asma birinci yerdə olmaqla, intihara şübhə edilən ölüm hallarında təxminən 60-65 faiz təşkil edir. İkinci yerdə olan özünü hündürlükdən atma isə 8,9 faiz təşkil edir. Aparılan təhlillərə əsasən, intiharlara 15-25, 26-40 və 41-60 yaş hədlərində tez-tez rast gəlinir.
İntihara əl atılmasının əsas səbəbləri bu yola əl atan şəxslərin əksəriyyətində ruhi xəstəliklərin mövcudluğu, sağlamlıq durumunda olan digər problemlər, həyat və yaşayış tərzini bu və ya digər (fiziki, sosial, bioloji və sair inkişaf tərzi) səbəblərdən balanslaşdıra bilməməsi, ətrafında sürətlə, bəzən gözlənilmədən baş verən hadisələrə uyğunlaşmaması və mənəviyyata zidd adətlərə aludə (alkoqolizm, narkomaniya, toksikomaniya və s.) olmasıdır.
Dünya Psixiatriya Assosiasiyası XXI əsri "depressiya və intiharlar əsri" adlandırıb. 2020-ci ildə intiharların sayının 500 minə qədər artacağı proqnozlaşdırılır.
Ümumdünya Səhiyyə Təşkilatının son illər apardığı tədqiqatların nəticəsi əsasında hazırladığı məlumata görə, hər il təxminən 60 milyon insan intihara cəhd edir. İntihar nəticəsində hər il bir milyon insan həyatını itirir. Onların 63 faizi kişilər, 37 faizini isə qadınlar təşkil edir. İntihar edənlərin, təxminən, 1 faizi isə Azərbaycanın payına düşür.
2011-ci ildə Azərbaycanda 414 nəfər həyatına qəsd edib, onların 33 nəfəri məktəbli və yeniyetmədir.
ÜST-nın açıqladığı siyahıya əsasən, postsovet məkanında intihar hallarının çoxluğuna görə Litva (hər 100 min nəfərə 71,7 fakt), Rusiya (64,3 fakt) və Belorus (57,5 fakt) ilk üçlükdə təmsil olunur.
Başqa ölkələrdən fərqli olaraq Çin və Hindistanda qadınlar daha çox intihar edirlər. Çində qadınların daha çox intihar etməsinin səbəbi kişilərin pul qazanmaq üçün başqa yerlərə üz tutması və bu səbəbdən də qadınların özlərini tənha hiss etməsidir.
Depressiya və ədalətsizlik
İntiharların səbəbləri haqqında danışan respublikanın baş psixoloqu, professor Nadir İsmayılov bildirir ki, intihara şərait yaradan əsas faktorlardan birincisi depressiyadır: "Bu, artıq bir xəstəlikdir. Belə xəstələri vaxtında müalicə etsələr, intihardan uzaqlaşmaq mümkündür. Onların yalnız özləri könüllü müraciət etsələr, müalicə etmək olur. Elə adam var ki, onda aylarla depressiya davam etsə də, heç həkimə müraciət etmir. Həmin adamı məcburi şəkildə xəstəxanaya aparmaq qaydası yoxdur.
İntihara səbəb olan ikinci faktor ədalətsizliklə üzləşməkdir. İnsanların bu cür vəziyyətə reaksiyasının necə olacağını əvvəlcədən müəyyən etmək mümkün deyil. Məsələn, biri çox savadlıdır, bu savadı qazanmaq üçün illər boyu zəhmət çəkib, lakin savadsız birinin qazancının ondan qat-qat artıq olduğunu görür. Bunun nədən belə olduğunu fikirləşir. Çox təəssüf ki, həyatdakı qayda-qanunların hamısının ədalətə xidmət etdiyini söyləyə bilmirik. İnsanları qıcıqlandırıb təbdən çıxaran kifayət qədər ədalətsizliklər olur. Küçəyə çıxırsan ki, səkilər qədər maşınlarla doludur, bəs bu yazıq piyada hara ilə getsin? İdarələrdə insanları adi bir arayış üçün get-gələ salırlar. Bir başqası isə iş adamıdır, amma onun işləməsinə xeyli süni maneələr yaradılır və s. Bu halların hamısı insanları dilxor edir. Xırda faktorların yığılması isə artıq təhlükəyə doğru yol alır. Bunlar insanları həyatdan bezdirir. Bu motiv üzərində də xeyli intiharlarla rastlaşmaq mümkündür".
Nadir İsmayılov deyir ki, gənclər televiziyanı açanda orada yalnız silah, terror, ölüm hadisələri ilə rastlaşırlar: "Bu da psixoloji təsirdir. Yeniyetmə fikirləşir ki, elə həyat bundan ibarətdir. Amma 20-30 il əvvəl bu səbəblər yox idi. İntiharların qarşısını almaq üçün sadaladığımız faktorları aradan qaldırmaq gərəkdir. Bu məsələləri səlahiyyətli insanlar dərindən düşünməli, analiz edib problemdən çıxış yollarını tapmaq gərəkdir. Amma bununla kim məşğul olacaq, Allah bilir. Əvvəllər səhiyyə maarifi deyilən bir anlayış var idi. Bizlər müəyyən təşkilatlara, zavodlara, müəssisələrə gedib məruzələr oxuyurduq. İndi nəinki belə görüşlər təşkil olunur, heç dərsdə tələbələr də müəllimin dediyinə qulaq asmır. Tələbələr deyirlər ki, bizə lazım olan informasiyanı gedib internetdən götürəcəyik və s. Bax, bu sistemdə də axsamalar var. Bu cür xırda sistemlərin hamısını analiz edirsən, görürsən ki, hərəsinin payına 10 faiz düşəndə gəlib hara çıxır..."
Ölkədə psixoloq qıtlığı
Nadir İsmayılovun sözlərinə görə, bizdə tibbi psixologiya elə bünövrədən, sovetlərin dönəmindən zəif inkişaf edib: "ABŞ-da 38 min psixiatr həkimə qarşı 45 min psixoloq var. Türkiyədə də 1550 psixiatr varsa, ən azı 1000 psixoloq olmalıdır. Məndən soruşdular ki, neçə nəfər tibbi psixoloqunuz var, cavab verməyə utandım. Heç 10 nəfər də yoxdur. Baxmayaraq ki, neçə illərdi BDU tibbi psixoloqlar hazırlayır, amma onları işə götürən yoxdur. İşə götürmək üçün də əvvəlcə ştat olmalıdır. Hər bir kliniki müəssisədə bu ştat olmalıdır. Azərbaycanda sadə vətəndaşlar bu xidmətdən istifadə edə bilmirlər, amma narahat olmayın, imkanlı ailələr psixoloq yardımından lazımınca istifadə edə bilirlər.
Problemin biri də budur ki, biz hələ xalqımıza tibbi psixologiyanın nə qədər faydalı olduğunu başa sala bilməmişik.
Əvvəlcə onu deyim ki, aclıq, müharibə olanda heç vaxt intiharlar olmur. Əksinə, intiharlar əsasən bolluq zamanında olur. Dünyada ən çox intihar hadisəsi Şimali Avropada baş verir. Skandinaviya ölkələri, Belçika, Niderland, İsveçrə kimi ölkələrdə intiharlar daha çox olur. Bunun əsas səbəblərindən biri də yüksək təminatlı həyat şəraitinin gətirdiyi psixoloji problemlərdir".
"İntihar haramdır"
Bir məqamı da qeyd edək ki, İslam dininə görə intihar etmək ən böyük günahlardan biridir.
İlahiyyatçı, fəlsəfə doktoru Elşən Mustafaoğlu deyir ki, İslam dininə görə intihar haramdır:"Fərq eləməz, adam özünü öldürür, ya da günahsız birini qətlə yetirir, günahsız bir insanın qətli bütün bəşəriyyətin qətlidir. Quran belə buyurur. İnsan özünü niyə öldürmək istəyir? Guya çətinliklərdən qurtulsun deyə. Amma ölümlə çətinlik bitmir, üstəlik, daha şiddətli əzab - cəhənnəm əzabı ilə qarşılaşır - din bunu öyrədir. Çətinliyi intiharla yox, həyatla udmaq lazımdır".
Açılan kimi də bağlanan
cinayət işləri
Ölkəmizdə intihar hadisəsi baş verəndə əksər hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi-özünü öldürmə həddinə çatdırma- ilə cinayət işi açılır. Ancaq bu cinayət işləri açıldığı kimi də qapanır.
Bunun səbəbləri haqqında danışan tanınmış hüquqşünas Müzəffər Baxışov deyir ki, 125-ci maddənin dispozisyası çox mürəkkəb olduğundan uğurlu nəticə əldə etmək mümkünsüzləşir: "125-ci maddədə qeyd olunur ki, təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxs onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırırsa, üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Baxın, burada maddi, xidməti asıllıqdan, mütəmmadi olaraq amansız rəftardan, alçatmadan söz gedir. Amma intihar edən hansısa bir sözdən sonra da bu yola əl ata bilər. Və yaxud qadın intihar edəndə onun həyat yoldaşına deyirlər ki, xanım səndən maddi cəhətdən asılı olub. Halbuki qadınla kişinin hüquqları bərabərdir. 125-ci maddənin dispozisyası çox mürəkkəb olduğundan intiharla bağlı cinayət işlərində nəticə əldə etmək çətinləşir. Ağıllı müstəntiqlər belə işlərə xitam verirlər".
Müzəffər Baxışovun sözlərinə görə bəzi hallarda işlər məhkəməyə göndərilir, ancaq məhkəmə ölüm həddinə çatdıran şəxs haqqında azadlıqdan məhrumetmə cəzası vermir.
Natiq
Digər Xəbərlər
2024-11-23 09:40:24
2024-11-23 09:23:00
2024-11-23 09:13:51
2024-11-23 08:53:12
2024-11-22 23:33:36
2024-11-22 22:48:30
2024-11-22 20:35:08
2024-11-22 19:38:04
2024-11-22 18:45:14
2024-11-22 18:41:19
2024-11-22 18:05:14
2024-11-22 17:54:00
2024-11-22 17:28:04
2024-11-22 16:55:08
2024-11-22 16:46:45
2024-11-22 16:39:35
2024-11-22 16:28:54
2024-11-22 16:27:05