Türkiyənin İstanbul şəhərində müalicə olunan energetika naziri Natiq Əliyev dünyasını dəyişib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, İstanbulun "Florence Nightingale" klinikasında müalicə olunan nazirin vəziyyəti qəfildən pisləşib. Həkimlərin müdaxiləsi yetərsiz olub.
Qeyd edək ki, ötən həftənin sonu ürəyində problem yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb. Nazir İstanbulun Şişli rayonunda yerləşən və kardioloji xidmətlər üzrə ixtisaslaşan "Florence Nightingale" xəstəxanasında müalicə olunurdu.
Xtırladaq ki, Natiq Əliyev 1947-ci il noyabrın 23-də Bakı şəhərində anadan olmuşdur. 1965-ci ildə orta məktəbi, 1970-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu dağ mühəndis-geoloqu ixtisası üzrə bitirmişdir.
İnstitutu bitirdikdən sonra "Xəzərdənizneftqazsənaye" Ümumittifaq İstehsalat Birliyinin "Azdənizneftkəşfiyyat" trestində, Kompleks dəniz geoloji-kəşfiyyat kontorunda işləmişdir. 1971-ci ildən Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunun aspiranturasında təhsil almış, 1974-cü ildən geologiya-mineralogiya elmləri namizədidir, böyük elmi işçi vəzifəsində işləmişdir.
1979-cu ildə "Xəzərdənizneftqazsənaye" Ümumittifaq İstehsalat Birliyinin Kompleks dəniz geoloji-kəşfiyyat kontorunda geologiya şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. 1984-cü ildən Azərbaycan Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin aparatında neft və kimya şöbəsində təlimatçı, sonra isə sosial-iqtisadi inkişaf şöbəsinin bölmə müdiri vəzifələrində işləmişdir. 1993-cü ildən 2005-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidenti və Direktorlar Şurasının sədri, 1994-cü ildən Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsi üzrə layihənin Rəhbər Komitəsinin sədri, 2002-ci ildən Bakı-Tbilisi-Ceyhan Şirkətinin (BTC Ko) Direktorlar Şurasının sədri olmuşdur. 2005-ci ildə Azərbaycan neftçilər konqresinin prezidenti seçilmişdir.
2005-2013-cü illərdə Azərbaycan Respublikasının Sənaye və Energetika naziri vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Energetika naziri vəzifəsinə təyin olunmuşdur.
100-dən artıq elmi işi, məqaləsi, kitabı dərc edilmişdir. Beynəlxalq Şərq Neft Akademiyasının akademiki, 2008-ci ildən iqtisad elmləri doktorudur. 2008-ci ildə Beynəlxalq Mühəndislik Akademiyasının (Rusiya Federasiyası, Moskva) müxbir üzvü seçilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 18 noyabr 2009-cu il tarixli qərarı ilə Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının üzvüdür. Neft sənayesinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası "Şöhrət" ordeni, Azərbaycan Respublikasının "Əməkdar mühəndisi" fəxri adı, Gürcüstanın "Şərəf" ordeni, Fransanın "Milli Fəxri Legion" ordeni, Polşanın "Böyük Komandor Xaçı" Ordeni, Beynəlxalq Akademiyaların orden və medalları ilə təltif olunmuşdur.
Ailəlidir, bir oğlu var.