İlham Əliyevin 15 illik prezidentlik fəaliyyəti dövründə Azərbaycanın idman sahəsindəki inkişafı danılmazdır.

Azərbaycan Güləş Federasiyasının 1-ci vitse-prezidenti, sərbəst güləş yığmasının baş məşqçisi Firdovsi Umudov unikal.org-a bildirib ki, Prezident İlham Əliyev bu müddət ərzində Azərbaycanı idman ölkəsinə çevirib:

"Son 15 ildə bütün sahələrdə olduğu kimi idmanda da qazanılan uğurlar göz qabağındadır. Beynəlxalq yarışların keçirilməsi ən inkişaf etmiş ölkələrə həvalə edilir. Son 15 ildə ölkəmizdə Avropa, Dünya çempionatları keçirilib. Rayonlarımızda idmanın bütün növlərinin maddi texniki bazası yaxşılaşdırılıb. Yüzlərlə Olimpiya İdman Kompleksləri, bazalar tikilərək istifadəyə verilib. Beynəlxalq aləmdə yarışların keçirilməsi ən inkişaf etmiş ölkələrə həvalə edilir. İlk Avropa Oyunlarının keçirilməsi Azərbaycana həvalə olundu. Bundan əlavə Azərbycan 4-cü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdi. Yay Olimpiya Oyunlarında, Avropa Oyunlarında və digər beynəlxalq səviyyəli yarışlarda qazanılan nəticələr bir daha sübut edir ki, idmana olan diqqət-qayğı yüksək səviyyədədir. Rio Olimpiya Oyunlarında xarici mütəxəsislər ölkəmizdə keçirilən idman yarışlarının səviyyəsindən, yüksək səviyyəli təşkilatçılıqdan razılıq edirdilər. Ölkəmizdəki bütün bu uğurlara kölgə salmağa çalışanlar var. Yəni düşmən dəyirmanına su tökənlər də az deyil. Buna baxmayaraq biz qazandığımız uğurlarla ölkəmizdəki inkişafı, diqqəti sübut edirik. Bu uğurlara sevinməyənləri azərbaycanlı adlandırmıram. Düzdür, bəzi "qara qüvvələr də var ki, bunları görməzdən gəlir. Biz idmançılar hər zaman cənab prezidentin ətrafında sıx birləşmişik və dəstəkləyirik. Bunlara rəğmən uğurlu nəticələrimizlə dövlətimizi və onun inkişafını istəməyən bəzi qüvvələrə öz gücümüzü sübut edirik, edəcəyik də.. .

Firdovsi Umudov prezidentlə görüşdə və onun idmançılara tövsiyəsindən də söhbət açıb:

"Təbii ki, cənab prezident bizimlə görüşlərdə hər zaman uğurlarımıza görə bizi təbrik edib. Görüşlər zamanı idmançıların hazırlıqları, yarışları ilə maraqlanıb. Onu deyərdim ki, İlham Əliyev bütün Azərbaycan vətəndaşının prezidentidir, hər bir vətəndaşın yanındadır, onların problemləri ilə yaxından tanış olur.

Cənab prezidentlə sonuncu dəfə Milli Olimpiya Komitəsinin 25 illik yubleyində görüşdük, Hacı Əliyevin 3-cü dəfə dünya çempionu olması münasibəti ilə həm onu, həm də məni təbrik etdi. Uğurlarımızı izlədiyini vurğuladı. Bu da bizi qürurlandırdı. Amma onu da vurğulayım ki, idmançılarımızın uğurlara imza atmasının, yarışlarda çıxış edə bilməsi 90-cı illərin əvvələrinə, yəni ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonraya təsadüf edir. Mənim də güləşdiyim illərdə bir neçə dəfə ulu öndər biz idmançıları qəbul edib. Bu gün də həmin siyasi kursu cənab prezident layiqincə davam etdirir. Həmçinin idmançıların mənzil, məişət problemlərinin həllində yaxından maraqlanır.

Son olaraq onu da vurğulayım ki, bugün həm bölgələrdə, həm də paytaxtda olimpiya kompleksləri tikilir. Bu da sağlam gənclərin yetişməsi üçün stimuldur. Əsas odur ki, gənclərimiz idmanla məşğul olur. Gələcəyimiz üçün sağlam gənclər yetişir və "sağlam bədəndə sağlam ruh olar" devizi aşılanır".

Aygün İlqarqızı