Bu gün Azərbaycanın sərbəst güləş üzrə milli komandasının mətbuat üçün açıq məşqi keçirilib.

Unikal.org-un məlumatına görə, məşqdən öncə yığma komandanın baş məşqçisi Firdovsi Umudov aprelin 7-8də ABŞ-ın Ayova şəhərində start götürəcək sərbəst güləş üzrə Dünya Kubokunda iştirak edəcək heyəti açıqlanıb.

Federasiyanın I Vitse-prezidenti Firdovsi Umudov heyətdə Giorgi Edişeraşvili, Əfqan Xalaşov (hər ikisi 57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Hacı Əliyev, Ağahüseyn Mustafayev (hər ikisi 65 kq), Coşqun Əzimov (70 kq), Hacımurad Ömərov (74 kq), Cəbrayıl Həsənov (79 kq), Aleksandr Qostiyev (86 kq), Aslanbek Alborov (92 kq), Roman Bəkirov, Nurməhəmməd Hacıyev (hər ikisi 97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) kimi idmançıların yer aldığını açıqlayıb.

Eyni zamanda Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti olan F.Umudova məşqçi qismində Zəlimxan Hüseynovla Arif Abdullayev kömək edəcəklər.

Dünya Kubokunda 8 yığmanın iştirakı nəzərdə tutulsa da, onlardan 2-si yarışa qatılmayacaq. İran kollektivi turnirdən imtina etdiyi halda, Rusiya idmançılarına ABŞ-a gəlmək üçün viza verilməyib. Onları Monqolustan və Hindistanın əvəzləyəcəyi gözlənilir.

Yığmamız Dünya Kubokunun B qrupunda mübarizə aparacaq. Rəqiblərimiz Kuba, Qazaxıstan və Rusiya olacaq. ABŞ, İran, Gürcüstan və Yaponiya komandaları isə A qrupunda yarışacaq. Lakin Rusiya millisinə hələlik viza verilmədiyindən, İran isə yarışa qatılmaqdan imtina etdiyindən onları Monqolustan və Hindistan əvəzləyəcək. Şimal qonşularımızla bağlı məsələ tam yekunlaşdıqdan sonra asiyalılar 4-cü komanda kimi püşklə qruplara salınacaq.

Ötən il keçirilən analoji yarışı sərbəst güləşçilərimiz 3-cü yerdə başa vurublar. Buna qədər isə sərbəst güləş yığmamız iki dəfə - 2004 və 2009-cu illərdə dünya kubokunun sahibi olub.

Daha sonra federasiyanın I vitse-prezidenti jurnalistlərin sualarını cavablayıb:

- Dünya Kubokunda İran və Rusiya yığmaları iştirak etməyəcək. Bu, Azərbaycan millisinin şansını artırmayacaq?

- İran Güləş Federasiyasının prezidenti daxili problemlər səbəbindən istefa verib. Rusiya yığmasında isə viza problemləri ortaya çıxıb. Bu səbəbdən, hər iki ölkə yığması Dünya Kubokuna qatılmayacaq. Yarışa qatılacaq ölkələrə, kimliklərindən asılı olmayaraq, hörmətlə yanaşmaq lazımdır. Çünki hamısı güclü komandalardır. Qrupdakı rəqiblərimizə nəzər salsaq, Kuba güləş məktəbi dünyada sözünü deyib. Qazaxıstan da həmçinin. İran və Rusiyanın əvəzinə Hindistanla Monqolustana dəvət göndərilib. Asiya ölkələri komandalarının gəlişi baş tutsa, ikisindən biri qrupumuza düşəcək. Hədəfimiz isə finala yüksəlməkdir.

- Bəzi çəkilərdə bir, bəzilərində isə iki güləşçiyə şans verəcəksiniz. Zədə ehtimalını nəzərə alaraq, bütün çəkilərdə iki pəhləvana şans vermək mümkün deyildi?

- 57 kq, 65 kq və 97 kq çəkilərdə güləşçiləri yoxlamaq fikrimiz var. Ona görə bu çəkilərdə 2 pəhləvan çıxış edəcək. Amma ümumilikdə bütün çəkilərdə 2 güləşçi ilə təmsil olunmağa lüzum görmədik.


- Bəzi güləşçilər ənənəvi çəkilərindən yuxarıda çıxış edəcəklər. Məsələn, Hacı Əliyev...

- Hacı artıq 65 kq çəkidə çıxış edir. Digər güləşçilər də öz çəkilərində mübarizə aparacaqlar.

- Bəs Toğrul Əsgərov qayıtdıqdan sonra hansı çəkidə çıxış edəcək?

- Hələlik onu 70 kq-da yoxlayacağıq. Hələ Avropa çempionatında çıxış edəcəyi tam dəqiq deyil. Çünki Toğrulu yoxlamalıyıq. Hazırda formada deyil. Çempionatadək baxacağıq. Coşqun Əzimovu Dünya Kubokunda yoxlamağımızın məqsədi Murtuza Müslümovun da zədəli olması ilə bağlıdır. Əzimov yaxşı çıxış etməsə, Avropa çempionatında Toğrulun güləşmə şansını dəyərləndirə bilərik. Amma yenə də hazırlıq səviyyəsinə baxacağıq.

- Azərbaycan çempionatının finalında mübarizə aparmış Murad Süleymanova Cəbrayıl Həsənovun əvəzləyicisi gözü ilə baxılmışdı. Amma Dünya Kubokuna yollanan heyətdə yoxdur. Bu, nizam-intizam problemi ilə əlaqədardır, yoxsa...?

- Hər zaman demişəm: Nizam-intizama əməl etməyən güləşçi yığmada yer almamalıdır. Özünün mübarizə aparmaq istəyi yoxdursa, onu məcbur edə bilmərik. Digər tərəfdən, bu yaxınlarda ailə qurduğundan, hələ tam formada deyil. 79 kq çəkidə güləşməsi də sual altındadır. Artıq 85-86 kq çəkisi var. Yəqin ki, 23 yaşadək güləşçilər arasında Avropa və dünya çempionatlarında 86 kq-da yer alacaq.

- Demək olarmı ki, Dünya Kubokunda əsas hədəf birinci yeri tutmaqdır?

- Bəli, qarşımıza bu məqsədi qoymuşuq. Lakin bu, güləşdir, mübarizədir. Qazaxıstan, Kuba kimi yığmalar yetərincə güclü komandalardır. Zəif rəqib yoxdur. Saymazlıq üzündən məğlubiyyətlə üzləşə bilərsən. Dünya Kubokunda nəticə verməliyik. 2016-cı il Dünya Kubokunda olduğumuz vaxt aprel döyüşləri baş verdi. Bütün qələbələrimizi şəhidlərimizə, veteranlarımıza, qazilərimizə həsr etmək üçün vuruşacağıq. Ən pis halda ilk 3-lükdə yer tutub, okeanın o tayında bayrağımızı qaldıraraq, uğurlu nəticə ilə Vətənə qayıtmalıyıq.

- Cəmi 4 həftə sonra Avropa çempionatı keçiriləcək. Dünya Kubokunda çıxış etmək qitəmiqyaslı yarışdakı müsbət nəticələr göstərməyinizə necə təsir edə bilər?

- Bərpa prosesinə yetərincə vaxtımız olacaq. 2009-cu ildə İranda Dünya Kubokunun qalibi olduqdan 2 həftə sonra Avropa çempionatında uğurla çıxış etmişdik. Yəni, yetərincə vaxt var. Heç vaxt döyüşdən qorxmaq lazım deyil. Bir həftə - on günlük vaxt olsaydı, bu barədə fikirləşmək olardı. Digər tərəfdən, 3 çəkidə 2 güləşçi çıxış edəcəyindən, istirahət etmək imkanı da olacaq. Bərpa prosesini isə Bakıya qayıtdıqdan sonra 5-6 gün ərzində keçəcəyik.

- 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına hazırlıq dövründə bəzi güləşçilərin çəki dərəcələrini dəyişəcəkləri gözlənilir?

- Aslanbek Alborova çəkisini dəyişməyi mən məsləhət görmüşəm. Buradan ABŞ-a gediriksə, uğurlu nəticə ilə qayıtmalıyıq. Digər qrupdakı ABŞ, Yaponiya və Gürcüstan yığmaları dünyada yetərincə tanınmış komandalardır, güclü güləş məktəbləri var. Bir çəkidə uğursuzluq bütün görüşün taleyini həll edə bilər. Hətta hesab 5:5 olduqda, qələbələrin hansı hesabla əldə olunduğuna baxılacaq. Dünya Kubokuna güclü heyətlə gedirik. Avropa çempionatınadək Şərifovun zədəsi sağalmasa, Alborovu yoxlayacağıq.