Yunanıstan futbolunda daha bir qalmaqal yaşanıb. Bir müddət öncə meydana silahla çıxan PAOK-un prezidenti İvan Savvididən sonra bu dəfə ölkənin ən köklü klublarından olan "Olimpiakosun rəhbəri Evangelos Marinakis diqqət mərkəzinə düşüb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, klub prezidenti ölkə çempionatında "Levadiakosla heç-heçənin (1:1) ardından paltardəyişmə otağına gələrək, futbolçuları təhqir edib:

"Sizə kifayət qədər dəstək verdim. Amma artıq bitdi. Bu gündən etibarən hamınız rədd olun, mövsümün sonuna kimi istirahət edin. Komandadan daha çox bahalı maşınınızı, möhtəşəm evinizi düşündüz. Sizin hər şeyə sahib olmağınız üçün milyonlar xərclədim. Bərbad oyununuza görə üç baş məşqçini qovmalı oldum. Amma indi baxıram, problem sadəcə sizdədir. Qalan 4 turda U-20 komandası ilə meydana çıxacağıq. Ən azı onlar həvəslə mübarizə aparacaqlar. Mən isə xəyalımızdakı "Olimpiakosu yenidən quracam.

Xatırladaq ki, "Levadiakosla matçdan sonra komandanın ispan baş məşqçisi Oskar Qarsiya istefa verib.

"Olimpiakos son 8 turda sadəcə, 3 qələbə qazana bilib. Hazırda hesabında 51 xal olan Pirey təmsilçisi 3-cü pillədə qərarlaşıb. Komanda Lider AEK-dən 9 xal geri qalır.