"Yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamənin tələbləri sərtləşdirilib.
Unikal.org-un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında fərmanda dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Dəyişikliyə əsasən, yerli icra hakimiyyəti orqanının Apellyasiya Şurasının qərarları, digər hərəkət və hərəkətsizliyi barədə şikayət üzrə sənədlərin (materialların) Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının Katibliyinə təqdim edilməsinə dair yazılı və ya şifahi sorğu daxil olduqda, yerli icra hakimiyyəti orqanının Apellyasiya Şurasının Katibliyi tələb olunan sənədləri, o cümlədən Apellyasiya Şurasında baxılmış şikayəti, Apellyasiya Şurasının qərarını, iclasının protokolunu, videoçəkilişini, üzvlərinin rəylərini, şikayət üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarının olub-olmaması, yerli icra hakimiyyəti orqanının və ya onun Apellyasiya Şurasının qərarından, digər hərəkət və ya hərəkətsizliyindən məhkəməyə şikayət verilib-verilməməsi, cinayət təqibi, inzibati xətalara dair işlər üzrə icraatın olub-olmaması barədə məlumatları, digər sənədləri (materialları) elektron qaydada (skan edilmiş şəkildə) 5 iş günündən gec olmayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının Katibliyinə təqdim etməlidir. Bu sorğunun vaxtında yerinə yetirilməməsi və ya natamam yerinə yetirilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının fəaliyyətinə maneə kimi qiymətləndirilir.
Sənədə əsasən, yerli icra hakimiyyəti orqanlarının Apellyasiya şuraları baxılan şikayətlərin uçotunu aparmalı, onları təhlil etməli, ümumiləşdirməli və ildə iki dəfə (iyul ayının 15-dək və yanvar ayının 15-dək) yerli icra hakimiyyəti orqanının başçısına və tələb olunan formada Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına yarımillik və illik arayışlar (hesabatlar) təqdim etməlidir.