Rusiyada keçirilən futbol üzrə dünya çempionatının üçüncü günündə - iyunun 16-da dörd oyun keçiriləcək.

Unikal.org xəbər verir ki, gün ərzində "C və "D qruplarında yer alan komandalar üz-üzə gələcəklər.

Bakı vaxtı ilə saat 14:00-da başlayacaq ilk oyunda "C qrupunun favoriti sayılan Fransa millisi Avstraliya yığması ilə qarşılaşacaq. Komandalar arasındakı görüş "Kazan Arenada oynanılacaq.

1930-cu ildə ilk dünya çempionatında iştirak edən dörd Avropa təmsilçisindən biri olan Fransa yığması indiyədək 14 dəfə mundiallarda yer alıb. Dünya çempionu adını qazanan (1998) səkkiz komandadan biri olan Fransa millisi 2006-cı ildə finalda İtaliyaya uduzub. Komanda 1958-ci və 1986-cı illərdə çempionatların bürünc medallarına layiq görülüb. 1958-ci ildə Fransa millisinin hücumçusu Jüst Fonten 13 qolla çempionatın bombardiri olub. O, bir çempionatda ən çox qol vuran futbolçu rekordunu bu günədək özündə saxlayır.

Avstraliya yığması bundan əvvəl dörd dəfə - 1974-cü, 2006-cı, 2010-cu və 2014-cü illərdə mundialda çıxış etmək hüququ qazanıb. Altıncı qitə təmsilçisinin ən yaxşı göstəricisi 2006-cı ildə Almaniyadakı dünya çempionatına təsadüf edib. Avstraliyalılar həmin vaxt qrup ikincisi kimi səkkizdəbir finala yüksəlsələr də, İtaliya millisi onların yolunu kəsib (0:1).

Günün saat 17:00-da Moskvadakı "Spartak stadionunda başlayacaq ikinci oyununda "D qrupunda yer alan ikiqat dünya çempionu Argentina yığması mundialda ilk dəfə iştirak edən İslandiya yığması ilə qarşılaşacaq. Bundan əvvəlki 20 mundialdan 16-da iştirak edən "gümüşü ölkə təmsilçisi iki dəfə - 1978-ci və 1986-cı illərdə dünya çempionu olub, 1930-cu, 1990-cı və 2014-cü illərdə isə gümüş medallara layiq görülüb.

Bakı vaxtı ilə saat 19:00-da başlayacaq üçüncü qarşılaşma Saransk şəhərindəki "Mordovia Arenada oynanılacaq. Bu görüşdə "C qrupunda yer alan digər komandalar - Peru və Danimarka yığmaları qarşılaşacaqlar. İlk dəfə 1986-cı ildə dünya çempionatlarında debüt edən Danimarka yığması beşinci dəfədir mundialda iştirak edir. Komanda ən yaxşı nəticəni 1998-ci ildə göstərib. "Fransa-1998də dörddəbir finala qədər irəliləyən danimarkalılar Braziliya yığmasına 2:3 uduzaraq mübarizəni dayandırıblar.

"Rusiya 2018 ilk dünya çempionatının da iştirakçısı olan Peru millisi üçün beşinci mundialdır. Peru yığması iki dünya çempionatlarında qrupdan növbəti mərhələyə yüksəlməyi bacarıb. Təsnifat mərhələsində beşinci yeri tutaraq pley-offa vəsiqə qazanan perulular bu mərhələdə Yeni Zelandiya yığmasını mübarizədən kənarlaşdıraraq beşinci dəfə mundialda iştirak hüququ əldə ediblər.

Günün saat 23:00-da başlayacaq sonuncu qarşılaşması "D qrupunun iştirakçıları Xorvatiya və Nigeriya milliləri arasında keçiriləcək. İlk dəfə 1998-ci ildə qatıldığı ilk mundialda bürünc medala layiq görülən Xorvatiya yığmasının hücumçusu Davor Şuker 6 qolla bombardir olub. 2010-cu il istisna olmaqla sonrakı çempionatların hamısında təmsil olunan xorvatiyalılar digər mundiallarda mübarizəni qrup mərhələsində dayandırıblar.

Afrika qitəsinin ən güclü komandalarından olan Nigeriya yığması isə dünya çempionatlarında 1994-cü ildə debüt edib. Nigeriyalılar 2006-cı ildəki dünya çempionatından başqa bütün mundiallarda yer alıb. Komandanın ən yaxşı göstəricisi 2014-cü ildəki mundiala təsadüf edib. İlk dəfə olaraq qrup mərhələsindən səkkizdəbir finala yüksələn nigeriyalıların yolunu ev sahibi Braziliya millisi kəsib.

Qeyd edək ki, Fransa-Avstraliya (saat 14:00) və Peru-Danimarka (20:00) matçları İdman Azərbaycan kanalında canlı yayımlanacaq. Argentina-İslandiya (17:00) qarşılaşması İdman Azərbaycan ilə yanaşı, İctimai Televiziya da tamaşaçılara təqdim ediləcək. Azərbaycanlı futbolsevərlər Xorvatiya-Nigeriya oyununu (23:00) İctimai Televiziyadan izləyə biləcəklər.