Daxili işlər orqanlarının əməkdaşları tərəfindən saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.
Unikal.org DİN-ə istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Zəngilan Rayon Polis Şöbəsinə Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Cəfərovun Masazır qəsəbəsi ərazisində yerləşən çay evlərindən birində saxta pul satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Birgə həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində həmin şəxs 20000 saxta manatı 4100 ABŞ dollarına satmaq istəyən zaman cinayət başında tutulub.
Qeyd edək ki, O.Cəfərov saxta pulların hazırlanması və dövriyyəsi ilə məşğul olduğu üçün bir dəfə Rusiya Federasiyasında da məhkum olunub.
Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.