"Mingəçevir Su Elektrik Stansiyası" (SES) fəaliyyətə başladığı 60 il ərzində milyardlarla kilovat-saat elektrik enerjisi istehsal etmişdir. Bu illər ərzində stansiyanın qurğu və avadanlıqları köhnəldiyinə və nəzərdə tutulan istismar müddətini başa vurduğuna görə dəyişdirilib.

 

Bu barədə Unikal.org-a "Azərenerji" ASC-nin Mətbuat xidmətindən verilən məlumatda deyilir.

 

Bildirilir ki, Mingəçevir SES-də yenidənqurma işləri müasir texnologiyaların tətbiqi ilə davam etdirilir. Bunun bariz nümunəsi, yenicə istismara qoşulmuş 110 kV-luq Açıq Paylayıcı Quruluşdur (APQ). Bu APQ yeni idarəetmə mərkəzindən idarə olunur.

Qeyd edək ki, "Mingəçevir SES"in əsaslı şəkildə müasirləşməsi və yenidən qurulması üçün "Azərenerji" ASC-nin rəhbərliyi və onun müvafiq qurumları zəruri olan qurğu və avadanlıqları dünyanın elektik avadanlıqları istehsal edən müxtəlif şirkətlərindən sifariş əsasında alaraq gətirib.


220 kV-luq APQ-də quraşdırma və sınaq işləri başa çatdırılmışdır. Hazırda sazlama prosesi gedir və yaxın vaxtlarda istismara veriləcəkdir.

330 kV-luq APQ-də isə tikinti davam edir. "Azenco" ASC-nin kollektivi bu işləri həyata keçirir. Lazım olan avadanlıqlar isə Sumqayıt Texnologiyalar Parkından (STP) alınır. Tikintidə bütün işlər mərhələli şəkildə görülür. Çünki SES-in istismarda olması yenidənqurma işlərinin müəyyən ardıcıllıqla, qrafik üzrə görülməsini zəruri edir.