Düz 97 il bundan əvvəl, elə bu ayın bu günü İtaliyadan Azərbaycana bir missiya gəlir. Bir neçə hərbçidən, mühəndisdən ibarət, aralarında iş adamlarının da olduğu heyətə polkovnik Melxior Qabba rəhbərlik edirdi. Onlar Bakıda Azərbaycan hökumətinin baş naziri, xarici işlər naziri və  digər rəsmilərlə danışıqlar aparmalıydılar. Danışıqların məzmunu isə aşağıdakılardan ibarət idi: artıq Britaniya Qafqazlardan çəkilib gedirdi. Həmin mandata isə İtaliya yiyə durmalıydı. Bir yandan Denikin təhlükəsi, bir yandan Azərbaycan ordusunun hələ tam formalaşıb başa çatmaması Azərbaycan hökumətini italiyalı emissarlarla əməkdaşlığa getməyə məcbur edirdi.
Çünki Azərbaycan Rusiyadan gözlənilən təhlükə səbəbindən ciddi himayəyə ehtiyac duyurdu. Üstəlik, həmin dövrdə, necə deyərlər, həm də bir qədər təklənmişdi. Ən yaxın himayəçisi hesab olunan Osmanlı imperiyasının özü çətin anlar yaşayırdı. Məhz bu səbəbdən bütün diqqət Qərbə yönəlmişdi. Bir tərədən də ingilislər gedirdilər. Elə Qabba və missiyası da nahaq yerə gəlməmişdi Bakıya…
***
...Milandakı hərbi arxivlərdə 2-ci dünya müharibəsi zamanı partizan hərəkatında faşistlərə qarşı vuruşmuş onlarla azərbaycanlı haqda məlumatlar var. Onlardan biri, "Serafino" ləqəbli Tahir İsayev hətta Milanın azad edilməsində qəhrəmanlıq göstərən batalyonların birinin komandiri olub. Həmin arxivlərdə bir qədər işləmək kifayətdir ki, Haribaldi partizan briqadalarının tərkibində vuruşmuş onlarla azərbaycanlının şücaəti haqda bilgi toplayasan.
Milandakı hərbi arxivlərdə Azərbaycanla bağlı başqa məlumatlara da rast gəlmək mümkündü. Düzdür, Vatikandakı gizli arxivlərdə saxlananlar qədər deyil bu sənədlər. Amma var, yetərincədir... Vatikandakından fərqli olaraq, gizli əlyazmalar da deyil. Kitablar, xəritələr, kataloqlar… hər şey əl altında. Bircə qalır altdakıları üzə çıxarmaq. Elə əslində biz də buna cəhd etdik, dostumuz Nihad İsayla bərabər.
Nihad Milan hərbi liseyinin arxivindən tapdı şəkildə gördüyünüz bu kitabı. İ. Salenin 1920-ci ildə yazdığı "İtaliyanın Transqafqazdakı missiyası" adlı bu kitab Azərbaycan tarixinin kiçik bir dövrünə də olsa əməlli aydınlıq gətirirdi. 
Bu kitabda və oradakı sənədlərin araşdırılması böyük anlamda daha çox tarixçilərin işdir, təbii. Bu gün və sonrakı günlər gedəcək yazıları isə jurnalist araşdırması adlandırmaq olar.
***
İtaliyalılar Bakıya niyə göndərilmişdi?
Onlar Bakıda nə qədər qaldılar?
Və niyə tez də çıxıb getdilər?
 
Bu araşdırmalarda təkcə İtaliyanın, eləcə də Qərbin o dövrdəki Qafqaz siyasəti yer almayıb. Biz sizlərə maraqlı təsvirlər təqdim edəcəyik o dövrün Bakısından. Məsələn, görün italiyalılar öz ölkələrinə göndərdikləri məxfi teleqramlarda nələr yazırdılar?
 
"Bakı artıq bir neçə aydır ki, ADR-in paytaxtıdır. Bütün Transqafqazda yeganə, dinamik və pullu şəhərdir. Bu şəhərdə sənaye, ticarət çox inkişaf edib. Əyləncə məkanları Avropadakından geri qalmır. Şəhər sakinlərinin əksəriyyəti müsəlman türklərdir. Amma Bakıda ermənilər, ruslar, almanlar, yəhudilər, polyaklar da yaşayır. Bir sözlə, beynəlmiləl bir şəhər. Amma bu şəhər Rusiyanın təhdidi altındadır. ADR-in buranı müdafiə etməyə gücü çatmaya bilər. Bura strateji bir limandır. Qara kürü sel kimi axır. Buranın insanları müstəqilliklərini qoruyacaqları təqdirdə böyük rifah şəraitində yaşaya biləcəklər. Amma şəhər Rusiyanın əlinə keçsə, Avropa bütün Qafqazı itirəcək". 
 
Və… ardınca da bir kəşfiyyat məlumatı.

"1919-cu ilin dövlət büdcəsində toplanacaq 1.600 446 952 rubldan müdafiə xərcləri üçün 499 452 242 rubl ayrılacaq ki, bu da ümumi büdcənin 30 faizə yaxınını təşkil edəcək"...
***
İtaliya hökumətinin ekspedisiyasına polkovnik Qabba rəhbərlik edirdi. Amma Qabbayla bərabər daha 3 şəxs vardı ki, birbaşa İtaliya hökuməti tərəfindən təlimatlandırılmışdılar. Bunlar İtaliya hərbi dəniz donanmasının zabiti Asian Qranafei, mühəndis Vittorio Novarese və maliyyəçi Cüzeppe Vita idi.
Onların hər birini qarşısına konkret tapşırıq qoyulmuşdu. Missiya Azərbaycan hökumətinə yardım göstəriləcəyini vəd edirdi. Və onlar ilk növbədə təhlükəsizlik məsələləri ilə bağlı Azərbaycanın ehtiyaclarını öyrənməyə başladılar. Ekspedisiya üzvlərindən biri, kapitan Oldani Azərbaycana gələcək İtaliya hərbi hissələrinə müvafiq kazarmalar hazırlamaq üçün… Şuşa və Şəkiyə səfər etdi. Bir sözlə, İtaliya ADR-i himayəyə götürürdü…
Və Azərbaycan tarixində indiyədək qaranlıq qalmış, demək olar ki, az araşdırılmış maraqlı bir dövr başlayırdı. Sonra olacaqlar isə…
 
Bax, bu barədə sabahkı yazıda… (lent.az)