Dekabrın 4-də saat 12:42-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən və saat 13:13-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Sumqayıt etilen-polietilen zavodunun ərazisində partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Unikal.org-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları dərhal əraziyə göndərilib.

Qurumun mütəxəssisləri və şəhər polis idarəsinin əməkdaşları zavodun istifadə olunmayan ərazisinə baxış keçiriblər. Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən 25 boş mərmi aşkarlanıb. Həmin sursat agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Mərmilərin tapıldığı yerin ətrafında 400 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Agentlik tərəfindən yanvarın 1-dən dekabrın 4-dək ümumilikdə 5463 ədəd partlamamış hərbi sursat, bir silah, piyada əleyhinə 2, tank əleyhinə 10 mina və 73 kiloqram partlayıcı maddə (ammonit â„– 6 JV-200) aşkarlanaraq zərərsizləşdirilib. Bu müddətdə ümumilikdə 406 min 133 kvadratmetr ərazi yoxlanılıb.