Azərbaycan Sindo-ryu və Pençak Silat Federasiyasının qurucusu və milli komandanın baş məşqçisi Abbas Hünbətov Unikal.org-a müsahibə verib.

Hünbətov İslam Oyunlarında onların iştirakına mane olanlardan, İlham Rəhimovun federasiyanın prezidentliyindən göndərməsindən və yeni rəhbər, iş adamı Ceyhun Əşrəfovun fəaliyyətindən danışıb.

- Bir vaxtlar bu federasiyanın rəhbəri İlham Rəhimov idi?

- 1996-cı ildə Sindo-Ryunun Karate Do Federasiyası adı altında rəsmi qeydiyyatdan keçmişik. 2004-cü ildə Fransada keçirilən festivalda İndoneziyanın Pencak Silat Federasiyasının idmançıları ilə finalda  qarşılaşmışıq. Daha sonra onlarla əlaqələrimiz yarandı və Beynəlxalq Pencak Silat Federaisyasının prezidenti ilə görüşdüm. Beynəlxalq qurumun prezidenti ilə bu idmanın Azərbaycanda inkişafı üçün danışıqlar aparmışıq. 2005-ci ildə isə onu Azərbaycana dəvət etmişdim.

İlham Rəhimov 2005-2010-cu ildə bizim federasiyanın rəhbəri olub. 2009-cu ildə isə federasiyamızın adı dəyişilərək Azərbaycan Sindo-Ryu və Pençak Silat İctimai Birliyi adı altında fəaliyyət göstərib.  Daha sonra İlham Rəhimov müəyyən səbəblərə görə federasiyamızdan gedib və bir müddət özüm idarə etmişəm. 2015-ci ildə Ceyhun Əşrəfov Federasiyamıza vitse-prezident gəlib. 2016-cı ildən isə bizim qurumun rəhbəridir.

- İlham Rəhimov gedəndən sonra borclar üzündən federasiyanın fəaliyyəti dayandırıldı deyilirdi.

- Xeyr fəaliyyətimiz həmişə olub. Sadəcə müəyyən səbəblər üzündən bir çox yarışlara gedə bilmirdik. 2013-cü ildə Azərbaycan komandası Avopa çempionatında qalib olub. Elə həmin il İndoneziyada keçirilən İslam Oyunlarında “Pencak Silat” yarışlarına düşmüşük. Amma müəyyən səbəblərə görə bizi aparmadılar. Bunun da günahı bizdə deyil. 

İlham müəllim də demişdi əgər kimsə dünya çempionu olarsa, ona ən yüksək səviyyədə mükafat veriləcək. Amma bu günə qədər dünya çempionu təkcə mənim oğlum olub. Kimsə deyirsə dünya çempionu olub, gəlib üzümə desin. Yalandan başqalarını çaşdırmasınlar.

Avropa çempionatında da idmançılarılmız çempion oldular, layiqli mükafatlarını da aldılar. Kim desə ki, bizim borcumuz var kiməsə, yalan danışır.

- İndi yarışlarara gedirsiniz?

- Dekabr ayında Sinqapurda bizim dünya çempionatımız oldu, gedə bilmədik. Bir şirkət viza ilə bağlı bizə söz vermişdi. Ondan başqa demək olar bütün yarışlarda iştirak etmişik. Hazırki rəhbərimiz gələndən sonra doğrudan da federasiyamızda inkişaf gedir. Bütün yarışlarda iştirak edə bilirik. Bunların hamısını da federasiyanın rəhbəri Ceyhun Əşrəfov özü cibindən edir.

- Ceyhun Əşrəfov federasiya rəhbərindən başqa hansı işlə məşğuldur?

- Belə heç bir vəzifəsi yoxdur. Özü idmançı idi, mənim tələbəm olub. Sonradan iş adamı kimi fəaliyyət göstərməyə başlayıb. İndi də bizim federasiyanın inkişafı üçün pul ayırır.

- Komandada seçmə işlərini siz aparırsınız?

- Bəli, milli komandaya seçməni mən edirəm, sonradan isə Ceyhun müəllim yekun qərarını verir.

Hər idmançını da qəbul edə bilmərik. Çünki onlar içərisində tərbiyəsizi də olur. İdmançıları seçərkən ailəsi ilə də maraqlanmaq lazımdır.  Biz vətənimizə yararlı şəxs, əsgər yetişdiririk.

- Azərbaycanda hansısa beynəlxalq yarış keçirmək fikiriniz var?

- 2017-ci ildə Avropa çempionatı Bakıda keçirmişik. 15 ölkə iştirak etmişdi. Hər biri ölkə də yarışa qatılmaq üçün özləri pul xərcləmişdi. Heç birinin pulunu biz verməmişdik. Təkcə burada qalmaq üçün otel pulu və yemək pulu bizlik idi.

Daha sonra 2 dəfə beynəlxalq turnir keçirmişik. Azərbaycan bu idmanda Avropada 27 ölkə arasında birincidir. Dünya üzrə isə ilk 5-likdə yer alır.

Penca Silat növündə dünya çempionu olmaq asan deyil. Çox çətindir. Bəzi idman növləri var – adlarını çəkmək istəmirəm – guya, dünya çempionatına gedirlər və 4-5 qızıl medal gətirirlər. Belə çıxır ki, orada yaxşı idmançı yoxdur. Biz Penca Silatın dünya çempionatından 1 qızıl medal gətiririksə, biz özümüzü olimpiya çempionu olmuş sayırıq. Biz bu idmanı daha da inkişaf etdirməyə çalışırıq. Çalışırıq ki, yığmanın üzvlərinə maaş da ayıraq. Bununla bağlı federasiyanın rəhbəri ilə də danışıqlar aparmışıq.

- İdmançılara maliyyə ayırmırsınız?

- Yox, o qədər pulumuz yoxdur. Biz də maaş verə bilməyin yollarını arayırıq.

- Bəs, İlham Rəhimovun Federasiyadan getmə səbəbi nə idi?

- O Rusiyada yaşayır. Onun işləri ilə əlaqədar yaxından maraqlana bilmirdi. Mən də İlham müəllimlə danışdım və bizim qurumun rəhbəri olmaqdan çıxmasını dedim. Amma yaxın gələcəkdə onu federasiyamızın fəxri prezidenti kimi təyin etməyi düşünürük.