Avropanın qərb hissəsində davam edən kəskin isti havaların daha çox özünü göstərdiyi İspaniya və Fransada hökumətlər ən yüksək hava təhlükəsi səviyyəsini elan ediblər.
Unikal.org “İnterfax”a istinadən xəbər verir ki, Fransanın cənubundakı Buş dü Ron, Qar, Hero, Voklüz departamentləri ərazisində 44-45 dərəcəyədək istilər gözlənilir. Ekspertlər yaxın günlərdə ölkədə havanın hərarətinin tarixi maksimumunun yenilənəcəyini istisna etmirlər.
Əhalini diqqətli olmağa çağıran ölkənin baş naziri Eduard Filip məktəblərdə yay tətilinin başlanması ərəfəsində su hovuzlarında çimərkən ölənlərin sayının artdığını qeyd edib. Hökumət başçısı həmçinin bərk istilər üzündən 4 minədək məktəbin fəaliyyətini dayandıracağını açıqlayıb.
Qonşu İspaniyada da kəskin istilər səbəbindən iki nəfər ölüb, daha iki nəfər xəstəxanaya yerləşdirilib. Ölənlərdən biri Tarraqona əyalətində meşə yanğınının söndürülməsinə cəlb edilən yanğınsöndürəndir.
Avropada anomal istilərin iyul ayının əvvəllərinədək davam edə biləcəyi deyilir. Daha çox Fransa və İspaniyada müşahidə olunan kəskin istilər Afrika tərəfindən gələn hava axınları nəticəsində meydana gəldiyi qeyd olunur.