Yunanıstanda keçirilən növbədənkənar parlament seçkiləri başa çatıb. 

Unikal.org xəbər verir ki, exit-pollun nəticələrinə görə, seçkinin qalibi Kiriakos Miçotakisin liderlik etdiyi Yeni Demokratiya Partiyası (YDP) olub. 

Rəy sorğularına görə, 38-42 faiz səs toplaması gözlənilən YDP iqtidardakı rəqibi Aleksis Çiprasın liderlik etdiyi SYRIZA-dan 11,5 faiz artıq səs toplayaraq iqtidara gəlib. 

Bu nəticə ilə 300 mandatlı parlamentdə 155-167 yer qazanacaq YDP təkbaşına hökumət qura biləcək. SYRIZA-nın mandat sayı isə 77-88 arasında olacaq. 

Exit-pollun nəticələri təsdiqlənərsə, SYRIZA ana müxalifət, Kiriakos Miçotakis isə böyük ehtimalla ölkənin yeni baş nazir olacaq.