Bu gün Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev yeniyetmələrdən ibarət yığmaların üzvləriylə görüşüb.
Unikal.org xəbər verir ki,əvvəlcə iyunda İtaliyanın Faenza şəhərində keçirilmiş Avropa çempionatında medal qazanmış güləşçilərə və müvafiq milli komandaların məşqçilərinə pul mükafatları təqdim edən Namiq Əliyev daha sonra Avropa Gənclər Olimpiya Festivalında çıxış edəcək heyəti açıqlayıb.
Tədbirin sonunda AGF-nin rəhbəri brifinqdə jurnalistlərin suallarını cavablandırıb:
"İnanıram ki, güləşçilərimiz festivalda çox uğurlu çıxış edəcəklər. EYOF-da 18 çəkidə mübarizə baş tutacaq. Ən azı 15 medal qazanacağımıza ümid edirəm. Qızıl medalların sayının çox olacağına da inanıram. EYOF 19-cu dəfə təşkil olunacaq. Təşkilatçı ölkə kimi festivalın proqramına güləşin salınmasına nail olduq. Müəyyən çəkilərlə bağlı problem var idi. Ancaq Dünya Güləş Birliyinin (UWW) bürosunda təkidlərimiz nəticəsində güləşin hər 3 növü üzrə 6 çəkinin proqrama salınmasına qərar verildi.
Bu il əsas hədəfimiz Nur-Sultanda keçiriləcək dünya çempionatıdır. Bildiyiniz kimi, mundial güləşdə ilk lisenziya verən yarışdır. Bu dəfə lisenziya qazanmaq çətin olacaq. Çünki Olimpiadada hər çəkidə cəmi 16 güləşçi iştirak edəcək. Avropa Oyunlarına tam əsas heyətlə qatılmamışdıq. Bununla belə, komandamız ümumilikdə kifayət qədər uğurlu çıxış etdi. Ölkəmizin əldə etdiyi 5 qızıl medaldan 3-ü güləşçilərdən gəldi.
Gələn il Avropa Olimpiya Təsnifat turnirini Bakıda keçirmək istəyirik. Həmişə belə məqamlarda ermənilər hay-küy salır. İndidən Beynəlxalq Olimpiya Komitəsinə yazırlar ki, Bakıda bu yarış keçirilsə, təzyiq altında olacağıq və s. Sentyabrın 13-də UWW-nin Icraiyyə Komitəsinin iclası keçiriləcək. Orada həmin yarışın təşkilatçısı məlum olacaq. Hesab edirəm ki, turnirin keçirilməsini bizə həvalə edəcəklər".
Bildiyiniz kimi,iyulun 21-də Bakıda start götürəcək Avropa Gənclərinin Yay Olimpiya Festivalının (EYOF) proqramında güləş də yer alıb.
EYOF çərçivəsində güləş yarışları iyulun 21-dən 23-dək Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək. Festivalda güləşin 3 növü üzrə yeniyetmələrdən ibarət yığmalarımız mübarizə aparacaq. Həm sərbəst, həm yunan-Roma, həm də qadın güləşi üzrə yarışlar 6 çəki üzrə keçiriləcək.
Bu gün Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev EYOF-da iştirak edəcək komandalarla görüşü zamanı onlardan uğurlu nəticə gözlədiyini dilə gətirib və hər hansı problemlərinin olub-olmamasıyla maraqlanıb. Sonda onlara uğurlar arzulayan qurumun rəhbəri heyəti açıqlayıb.
Sərbəst güləşçilərimiz böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Yaşar Əliyevin rəhbərliyi altında çıxış edəcək. Heyətdə Murad Haqverdiyev (45 kq), Mircavad Nəbiyev (48 kq), Kənan Heybətov (51 kq), Əbülfəz Nəsirov (55 kq), Sabir Cəfərov (60 kq) və Cəbrayıl Hacıyev (65 kq) yer alıb.
Böyük məşqçi Taleh İsrafilov və məşqçi Rasim Ağayevin rəhbərliyi altında mübarizə aparacaq yunan-Roma güləşi üzrə millimizin tərkibinə Fərid Sadıxlı (45 kq), Qurban Qurbanov (48 kq), Elmir Əliyev (51 kq), Nihat Məmmədli (55 kq), Həsrət Cəfərov (60 kq) və Xasay Həsənli (65 kq) daxil edilib.
Yeniyetmə qızların yarışında ölkəmizi böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi İsaməddin Hüseynovun rəhbərliyi altında Gültəkin Şirinova (46 kq), Lalə Mirzəyeva (49 kq), Elnurə Məmmədova (53 kq), Birgül Soltanova (57 kq), Mərziyə Sadıqova (61 kq) və Nigar Mirzəzadə (65 kq) təmsil edəcək.
Qeyd edək ki, EYOF-da beynəlxalq dərəcəli hakimlərimizdən İntiqam Alıyev, Sədi Quliyev və Bəşir İsazadə ədaləti qoruyacaq.