Bu gün Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun rayonun Qızıldaş qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.
Unikal.org xəbər verir ki, görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak ediblər.
Keçirilmiş səyyar qəbulda 120-dən çox qəsəbə sakinləri iştirak edib. Görüşə gəlmiş qəsəbə ağsaqqalları qəsəbə ərazisində görülən işlərə görə öz təşəkkürlərini bildiriblər.
Qəsəbə sakinlərindən 12 nəfəri fərdi qaydada Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov tərəfindən dinlənilib. Sakinləri narahat edən problemləri dinlənildikdən sonra, həlli mümkün müraciətlər yerindəcə həll edilmiş, həlli vaxt tələb edən müraciətlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Daha sonra qəsəbə sakinlərinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqrami” çərçivəsində qəsəbə ərazisində görüləcək işlər barədə ətraflı məlumat verilib.