Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər. Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq Kənd Təsərrüfatı naziri İnam Kərimov iyulun 26-da Gədəbəy Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Gədəbəy, Daşkəsən və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Unikal.org xəbər verir ki, qəbuldan öncə nazir İnam Kərimov və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Daha sonra nazir İnam Kərimov Gədəbəy Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında yaradılan şəraitlə tanış olub, fermerlərə informasiya məsləhət xidmətinin göstərilməsində iştirak edən Aqrar İnkişaf Könüllülərinin bir qrupu ilə görüşüb.
Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 19 nəfərin müraciətinə baxılıb. Qəbula gələn vətəndaşların müraciəti əsasən fermerlərə güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası və təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin edilmə və digər məsələlərlə bağlı olub. Nazir İnam Kərimov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Nazir vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Gədəbəy Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında “Səyyar Xidmət” Qrupu ətraf rayonlardan dəvət olunan mexanizatorlar üçün lazımi xidmət göstərib. Etibarlılıq müddəti bitən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün mexanizatorların sürücülük vəsiqələri yeniləri ilə əvəz edilib. “Səyyar Xidmət” qrupu öz fəaliyyətini gün ərzində davam etdirəcək.
Nazir İnam Kərimov “Səyyar Xidmət” Qrupunun işi ilə maraqlanıb, mexanizatorların müraciətlərini dinləyib, lazımi tövsiyələrini verib.
İyulun 26-da Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında Tovuz və Şəmkir rayonundan olan vətəndaşları, Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov isə Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında Ağstafa və Qazax rayonundan olan vətəndaşları qəbul ediblər. Tovuzda keçirilən vətəndaş qəbulunda 8, Ağstafada keçirilən vətəndaş qəbulunda isə 12 vətəndaşın müraciətinə baxılıb, məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.