65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputat seçilmiş, Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov bu gün Milli Məclisdə vətəndaşları növbəti dəfə qəbul edib.
Unikal.org xəbər verir ki, qəbulda həm Əhliman Əmiraslanovun deputat seçildiyi seçki dairəsindən olan və müxtəlif problemlərin həllində köməklik istəyən seçicilər, həm də Milli Məclisin Səhiyyə komitəsinə səhhətində olan problemlərlə bağlı müraciət edən insanlar iştirak etmişdir.
Qəbul zamanı əsasən qaraciyər, ürək patologiyalarının müalicəsi və müxtəlif cərrahi əməliyyatlar o, cümlədən orqan köçürülməsi ilə bağlı müraciətlər olub. Müraciət edən seçicilər isə əsasən sosial problemlərlə bağlı şikayətlərini deputata çatdırıblar. Əhliman Əmiraslanov qəbula gələn şəxsləri təkbətək qəbul edərək qeyd edilən problemlərin həlli istiqamətində müvafiq addımlar atılacağını və müraciət edən vətəndaşları narahat edən bəzi problemlərin aradan qaldırılması məqsədilə aidiyyatı üzrə müvafiq orqanlara müraciətlər ediləcəyini bildirdi.