Hollandiyada bağ evinin zirzəmisində "dünyanın sonunu" gözləyən ailə polislər tərəfindən tapılıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bir kişi və 6 uşaq faciənin yaxınlaşdığı qorxusu ilə 9 il Ruinervold kəndində ağaclarla əhatə olunmuş bir bağ evinin zirzəmisində yaşamalı olub.
Sözügedən ailə qorxudan dünya və insanlarla əlaqələri tamamilə kəsmək məcburiyyətində qalıb. Onların fermada yetişən tərəvəzlər və saxladıqları keçi ilə sağ qaldığı bəlli olub.
Ev sahibi kişinin 58 yaşında olduğu, uşaqlarının isə 16 ilə 25 yaşlarında olduğu bildirilib. Hətta bildirilir ki, uşaqlar dünyada onlardan başqa insanların yaşayıb-yaşamadığından xəbərsizdirlər.
Polis ailə ilə bağlı məumatı təsadüf nəticəsində öyrənib.
Belə ki, kənddəki kafelərdən birinin sahibi polisə zəng edərək bildirib ki, yaxınlıqdakı fermadan nimdaş geyimli və saçı-saqqalı uzanmış 25 yaşlı bir adam çölə çıxıb və yardım istəyib. Məlum olub k, həmin şəxs ev sahibinin oğludur və 9 ildən sonra ilk dəfə çölə çıxıb.
Araşdırmalar zamanı məlum olub ki, evin qonaq otağındakı şkafın arxasından zirzəmiyə keçə bir yol var və ailə bu müddət ərzində orada yaşayıb. Polis ailəni təxliyə edərək fermada araşdırmalara başlayıb.