Parlament seçkilərinə sayılı günlər qaldığı bir dövrdə Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik  Əhliman Əmiraslanov təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. 

Unikal.org xəbər verir ki, bu gün Ə.Əmiraslanov deputatlığa namizəd olduğu 65 saylı seçki dairəsinə aid olan Kürdəmir rayonunun Mehdili kəndində seçiciləri ilə görüş keçirib.  Bu görüşdə  Mehdili kəndi ilə yanaşı qonşu Dayıkazımlı, Öyləqulu, Axtaçı  və Qarabucaq kəndlərinin  sakinləri də  iştirak ediblər.
Görüş zamanı Əhliman Əmiraslanov  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycandakı iqtisadi inkişaf, dövlətin daxili və xarici siyasətində qazanılan uğurlardan bəhs edib. O, bu uğurların davamlı olması istiqamətində atılan addımlardan söz açaraq Azərbaycan vətəndaşının rifah halının yaxşılaşdırılması üçün görülən tədbirlərin davamlı olacağına əmin olduğunu bildirib.
Sonra seçicilər çıxış edərək məmnuniyyətlə qeyd ediblər ki, bu illər ərzində Əhliman Əmiraslanov həmişə seçicilərinin dərdinə şərik olub, dəfələrlə ağır xəstəliyi olan seçicilərin cərrahi əməliyyatını təşkil edib,  köməyini əsirgəməyib.
Görüşdə seçicilər birmənalı olaraq qarşıdan gələn parlament seçkilərində də öz deputatları Əhliman Əmiraslanova səs verəcəklərini bildiriblər.