Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında etdiyi çağırışdan sonra Azərbaycan Ordusuna könüllü yazılanların sayı artıb.

Unikal.org xəbər verir ki, dövlət başçısının bu çağırışına Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun oğulları Taleh və Nicat Heydərovlar da qatılıblar. 

Heydərov qardaşları “News.24”ə açıqlamalarında Azərbaycan ordusuna könüllü hərbi xidmətə yazıldıqlarını bildirərək,  vətənin keşiyində durmağa hazır olduqlarını qeyd ediblər.

“Biz ona görə yazıldıq ki, heç kim döyüşmək istəməyənlərin olduğunu düşünməsin. Əksinə hər kəs döyüşmək istəyir. Sonsuz gözləmə, bu, seçim deyil. Bu gün mənim 35 yaşım var. Ömür boyu gözləyən deyiləm ki...  Nə vaxtsa, bunun bir sonu olmalıdır. Ona görə də yazılmağa gəlmişik və hər an döyüşməyə hazırıq”, - K.Heydərovun böyük oğlu Taleh Heydərov deyib. 

Nazirin kiçik oğlu Nicat Heydərov isə bildirib ki, istənilən anda cəbhəyə getməyə hazırdırlar: “Vətən sağ olsun. Hər zaman canımızı verməyə hazırıq. Ən əsas şəhidlərin qanı yerdə qalmasın. İnşallah tezliklə Qarabağı qaytararıq”.

Qeyd edək ki, nazirin  böyük oğlu Taleh Heydərov öz “Whatsapp” statusunda da paylaşım edərək bildirmişdi ki, onlar  Azərbaycan ordusuna könüllü hərbi xidmətə yazılıblar.