Qlobal koronavirus pandemiyası ilə əlaqədar dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da karantin rejiminin tətbiqi bir sıra xidmətlərin, o cümlədən təhsil xidmətlərinin onlayn formatda həyata keçirilməsini şərtləndirdi. İstər orta və ali məktəblərdə dərs prosesi, istərsə də ayrı-ayrı tədris mərkəzlərində kurslar onlayn formatda keçilməyə başlandı. Koronavirus pandemiyası dünyanın aparıcı onlayn tədris platformalarından biri olan Coursera-nın kurslarının ölkəmizdə daha geniş vüsət almasına təkan verdi.
Minlərlə azərbaycanlı gəncin bu onlayn platformanın kurslarına müraciət etməsi onun nə dərəcədə effektiv olması ilə bağlı suallar doğurduğundan bu barədə məlumat almaq üçün Unikal.org Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Tələbə Elmi Cəmiyyətinin sədri Elviz İsmayılova müraciət etdi.
Elviz müəllim, Coursera platforması nədir və son illər onun xidmətlərinin populyarlaşması nə ilə bağlıdır?
2012-ci ildə Stenford universitetinin iki professoru tərəfindən hazırlanmış Coursera təhsil platforması hazırda ən geniş tanınan və populyar online tədris platformasıdır. Dünyanın qabaqcıl universitetləri ilə əməkdaşlıq edən Coursera online tədris sistemi 117 təşkilatla tərəfdaşlıq əlaqələrinə malik olub 1000-dən çox kurs təklif edir və 12.000.000-dan çox tələbə bu platformadan yararlanır. Coursera platformasında bütün istiqamətlər üzrə kurs tapmaq mümkündür. Kursların umumi müddəti 4-10 həftə arasında video mühazirələr, tapşırıqlar, testlər və müstəqil mühazirələrdən ibarətdir. Əlavə olaraq bəzi kurslarda istifadəçilər bir-birlərinin işlərini qiymətləndirə bilirlər. Kurslardan bəziləri istifadəçinin sorğusu vasitəsi ilə seçilə bilər, bəziləri isə fiksə olunmuş tarix əsasında keçirilə bilər. Qrup tələbələrinə əlavə olaraq forum imkanından yararlanaraq digər kurs iştirakçıları ilə öz fikirlərini bölüşdürmək imkanı yaradır.
Coursera ilə ADNSU arasında əməkdaşlıq əlaqələri varmı və bu əməkdaşlıq hansı zərurətdən doğur? Bu əməkdaşlıq ADNSU ilə Coursera arasında əməkdaşlıqdır, yoxsa ADNSU tələbələrinin Courseranın xidmətlərinə müraciətləri ilə bağlıdır?
Qlobal koronavirus pandemiyasının başlanmasından sonra karantin rejiminin tətbiqi dövründə Coursera bütün dünya universitetləri üçün “Coursera for Campus” proqramını açıq etdi. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Coursera platforması ilə əlaqələrinin qurulması mənə tapşırıldı. Həmin proqrama müraciət etdik. 2-3 gündən sonra bizim universitetin 600 tələbəsinin “Coursera for Campus” proqramından istifadə etməsinnə dair razılıq əldə etdik. Hazırda 393 tələbəmiz bu resursdan mütəmadi qaydada istifadə edir.
Tələbələr Courserada niyə maraqlıdırlar? Məqsəd əlavə bilik, yoxsa sertifikat əldə etməkdir?
Burada əslində iki büyük maraq var: birincisi, kursların əksəriyyəti hər hansı bir fənnin ən vacib mövzuları üzərində və yaxud praktiki məsələlər üzərində qurulur. İkinci səbəbə gəldikdə isə Coursera-nın sertifikatlarını pulsuz əldə etmək imkanıdır ki, bu da öz növbəsində tələbələrə əlavə tanınmış bir platformanın sertifikatlarını əldə edərək əmək bazarında onlara əlavə üstünlük qazandırmış olur.
Bəzən Coursera sertifikatının ali məktəbdə tələbənin biliyinin qiymətləndirilməsində bir faktor kimi çıxış etməsi kimi məlumatlara rast gəlinir? Sizcə, bu nə dərəcədə düzgün və Azərbaycan qanunvericiliyinə uyğundur?
Bəli, əslində bu məsələni mən də öz növbəmdə rəhbərlik qarşısında qaldırdım. Coursera platformasında olan kursların proqramları təhlil olundu. Aşkar olundu ki, kursların proqramı universitetdə keçirilən fənlərin proqramlarının heç 50%-ni də təşkil etmir. Bu səbəbdən ADNSU Coursera kurslarının bitirmiş tələbələrin universitetdə tədris olunan fənlər üzrə biliyinin qiymətləndirilməsində meyar kimi istifadəsi əlverişsiz və qeyri məqsədəuyğun hesab edildi və bu təklif qəbul edilmədi. Bundan əlavə, Coursera platformasında imtahanın keçirilmə cəhdi demək olar ki, imtahanı keçənə qədərdir. Bu isə qiymətləndirmənin şəffaf olmadığını göstərir. Siz gün ərzində son test imtihanını hər 8 saat intervalında 3 dəfə cəhd etməklə verə bilərsiniz, bu da gün ərzində 9 cəhddir.Buna görə də, Coursera platforması ali məktəb təhsilini əvəz edə bilməz, lakin birmənalı olaraq tələbələrin əlavə bilik əldə etməsi baxımından səmərəlidir.
ADNSU tələbələrinin Coursera-nın xidmətlərinə marağı necədir və bu maraq nədən qaynaqlanır?
ADNSU tələbələri Coursera platformasının kurslarına böyük maraq göstərir. Sizi qısa olaraq statistika ilə tanış edim. Tələbələrimiz 1556 kursa qoşulub, 4026 saatdan çox video dinlənilib və 4816 dərs uğurla tamamlanıbdır. Hazırda 668 kurs real zamanda dinlənilir. Ümumi 210 kurs uğurla tamamlanıb, sertifikatlar alınıbdır, 102 kurs isə 50 %-dan çox keçirilibdir. Onu da qeyd etmək istəyirəm ki, tələbələrimizin aktivliyi imtahanlardan sonra daha da artacaq. Çünki tələbələrin əksəriyyəti Coursera platformasına imtahanlarını uğurla bitirdikdən sonra başlayırlar. Coursera isə tələbələrimizə sentyabrın sonunadək platformadan pulsuz istifadə imkanı veribr.