Şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir və son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb.
Unikal.org xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində deyib.
Dövlət başçısı çıxışında bildirib: "Mən indi sizin yeni yaşayış yerinizlə tanış olmuşam. Çox gözəl təəssürat bağışlayır, müasir standartlara cavab verən ev tikilibdir, mənzillər də çox genişdir və tam təmirlidir. Yəni, sadəcə olaraq, mebeli gətirib yaşamaq mümkün olacaqdır. Bu, dövlətin sizə növbəti diqqətinin təzahürüdür.
Bilirsiniz ki, şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir və son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb. Təkcə onu demək kifayətdir ki, 8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilib və 7 minə yaxın avtomobil verilibdir. Hesab edirəm ki, biz bu il də bu sahədə rekord göstəriciyə nail olacağıq, buna şübhə yoxdur. Bu il 1500 şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilir və ediləcəkdir. Bütün mənzillər ən yüksək keyfiyyətlə tikilən yeni evlərdədir. Eyni zamanda, sizin üçün 400 avtomobil də nəzərdə tutulur və beləliklə, biz bu il bu sahədə ən böyük göstəriciyə nail ola bilmişik.
Müqayisə üçün deyə bilərəm ki, keçən il 934 mənzil verilmişdir, bu il isə 1500, ondan əvvəlki illərdə təqribən ildə 500-600-700. Yəni, bu, onu göstərir ki, bu problemi həll etmək və şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən nəzərdə tutulmuş evlərin təqdim edilməsi üçün çox fəal iş aparılır. Mən istəyirəm ki, biz bu proqramı tezliklə başa çatdıraq və buna nail olacağıq. Sirr deyil ki, bu məqsədlər üçün böyük vəsait nəzərdə tutulur və bildiyiniz kimi, dövlət büdcəsinin böyük hissəsi sosial məsələlərin həllinə xərclənir. Bu sosial xərclərin içində şəhid ailələrini, müharibə əlillərini, müharibə veteranlarını, məcburi köçkünləri əhatə edən çox böyük proqramlar icra olunur.
Məcburi köçkünlərin məişət problemlərinin həllinə gəldikdə, bu il bu sahədə də rekord göstərici gözlənilir. Bu il 7 mindən çox məcburi köçkün ailəsi mənzillərlə təmin ediləcək. Bu, bir daha onu göstərir ki, biz bu məqsədlər üçün istənilən xərclərə gedirik, bunu təmin edirik və şadam ki, mənim çağırışımdan sonra özəl sektor da bu işlərə qoşulub. Bildiyiniz kimi, özəl şirkət – “Paşa Holdinq” tərəfindən onun vəsaiti hesabına Qobu qəsəbəsində məcburi köçkünlər üçün 3 şəhərcik inşa edilibdir və orada artıq 4 minə yaxın köçkün ailəsi məskunlaşıb. Eyni zamanda, şəhid ailələri, müharibə əlilləri üçün evlərin tikilməsinin, əlbəttə ki, böyük hissəsini dövlət öz üzərinə götürübdür. Ancaq özəl sektor da artıq fəaldır və bu il “Kapital Bank” 68 mənzili öz vəsaiti hesabına bu kateqoriyadan olan insanlara təqdim edib. Bu, həm ölkəmizdə mövcud olan vətəndaş həmrəyliyinin, dövlət siyasətinin təzahürüdür, dövlət və özəl sektor tərəfindən bu kateqoriyadan olan insanlara qayğının əlamətidir və eyni zamanda, ölkəmizin gücünü göstərir. Çünki siyasət düz, niyyət xoş ola bilər, amma əgər bunu icra etmək üçün imkan yoxdursa, onda niyyət elə niyyət kimi qalacaq.
Biz son illər ərzində iqtisadi sahədə o qədər böyük potensial yaratmışıq ki, bu gün bu işləri görə bilirik. Əgər bu potensial olmasaydı, biz bu işləri nəyin hesabına görə bilərdik, kim bizə kömək göstərərdi? Təsadüfi deyil ki, müstəqilliyimizin ilk illərində bizim belə imkanlarımız yox idi və məhz buna görə köçkünlər çadırlarda yaşayırdı, şəhid ailələri üçün evlərin təqdim edilməsi, ümumiyyətlə, mümkün deyildi. Bununla paralel olaraq, bizim güclü sosial siyasətimiz var. Çünki iqtisadi güc, ilk növbədə, ona görə lazımdır ki, ölkə daha da qüdrətli olsun, öz maraqlarını təmin etsin və insanlar daha da yaxşı yaşasınlar.
Bu gün mənə təqdim edilən məlumat onu göstərir ki, sosial sahədə çox böyük işlər görülür. Keçən il çox böyük işlər görülübdür və bildiyiniz kimi, şəhid ailələrinin müavinəti 20 faiz artırılıb - 250 manatdan 300 manata çatdırılıb. Köçkünlər üçün müavinətlər 50 faiz artırılıb, bəzi müavinətlər 100 faiz artırılıb. Keçən il insanların sosial problemlərinin həlli üçün bir neçə milyard manat vəsait xərclənib. Bu il pandemiya dövründə təqribən 5 milyona yaxın insan dövlət tərəfindən maddi dəstəklə əhatə olunub. Bütün bunlar üçün bizim resurslarımız, vəsaitimiz gedir. Bizim iqtisadi potensialımız olmasa, bunu necə təmin edə bilərik? Pandemiyadan əziyyət çəkən insanlara dövlət tərəfindən çox böyük dəstək göstərilir, yeni xəstəxanalar, modul tipli xəstəxanalar tikilir. Xəstələr dərmanlarla təchiz edilir. Biz bir neçə xarici ölkədən mütəxəssislər, həkimlər cəlb etmişik. Hər belə addım pul tələb edir. Biz bunu edirik, çünki bu, bizim borcumuzdur. Ona görə edə bilirik ki, bizim imkanımız var. İmkanı da biz öz işimizlə, məqsədyönlü fəaliyyətimizlə yaradırıq. Həm xarici siyasətimiz, həm daxili siyasətimiz bir məqsədi güdməlidir ki, ölkə daha da qüdrətli olsun, insanlar daha da yaxşı yaşasınlar".