Avqustun 16-da saat 14 radələrində Bakı-Quba yolunun Şabran rayonundan keçən hissəsində, bələdiyyə ərazisində quru ot örtüyündə baş vermiş yanğın sonradan Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin Dəvəçi meşəbəyliyinə keçib.
Unikal.org xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova jurnalistlərə bildirib ki, yanğının söndürülməsi üçün əraziyə Nazirliyin əməkdaşları və FHN-nin yanğınsöndürmə dəstəsi cəlb edilib.
"Yanğının əhatə etdiyi ərazi hündür yamaclıqdan ibarət olduğundan əsasən əl əməyindən istifadə edilməklə həyata keçirilən intensiv tədbirlər nəticəsində saat 16 radələrində yanğın söndürülüb.
İlkin hesablamalara görə, meşə fonduna aid 5 hektar ərazidə quru ot örtüyü yanıb, ağaclara ziyan dəyməyib."
Nazirliyin sözçüsü belə yanğınların baş verməməsi üçün vətəndaşlara müraciət edərək bildirib ki, odla ehtiyatlı davransınlar, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etsinlər.