Azərbaycan vətəndaşından ibarət 400 nəfərlik qrup sentyabrın 1-də COVID-19 pandemiyası səbəbindən bağlanan Rusiya-Azərbaycan sərhədində yaradılmış xüsusi dəhlizdən keçməklə Vətənə qayıdıb.

Unikal.org xəbər verir ki, bu barədə Dağıstan Respublikasının Dərbənd Rayon Administrasiyasının “Instagram” səhifəsində dərc olunan məlumatda deyilir.

“Azərbaycan tərəfi Kullardakı çadır düşərgəsindən vətənə qayıda biləcək insanların buraxılış sayını artırıb. Xatırladaq ki, evinə gedə bilməyən Azərbaycan vətəndaşları üçün Fövqəladə Hallar Nazirliyi Dağıstanın Dərbənd və Məhəmmədkənd rayonlarının sərhədində müvəqqəti yerləşdirmə məntəqəsi açıb. Çadır düşərgəsində olan qonşu ölkənin vətəndaşları hər həftənin çərşənbə axşamı günləri qrup halında evlərinə göndərilir. Sentybarın 1-də daha 400 Azərbaycan vətəndaşı vətənə yola salınıb”, - məlumatda deyilir.

Qeyd olunur ki, Azərbaycana qayıdan vətəndaşların axını tədricən azalır, vətənə qayıdanların siyahısı gözləmə qaydası nəzərə alınaraq tərtib olunur.