ABŞ hökuməti Rusiyanın dünyada siyasi və iqtisadi təsirlərinin yayılması siyasətində mühüm rol oynayan şəxslərə və təşkilatlara qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.
Unikal.org xəbər verir ki, Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) tərəfindən tətbiq olunan sanksiyaların hədəfində olan Yevgeni Priqojin adlı Kremlə bağlı şəxs ABŞ və s. ölkələrdə siyasi ixtilafları qızışdırmaqla məşğul olan İnternet Tədqiqatlar Agentliyinin rəhbəri və maliyyə təminatçısı olmaqla yanaşı, Rusiya Müdafiə Nazirliyinə bağlı olan, Ukrayna, Suriya, Liviya, Sudan, Mozambik və s. ölkələrdə təhlükəli əməliyyatları idarə edən “Wagner” hərbi şirkətinə də rəhbərlik etdiyi ehtimal olunur.
Bununla yanaşı, Mərkəzi Afrika Respublikasında (MAR) da geniş əlaqələrə malik Y.Priqojinin həmin ölkədə Rusiya Xarici İşlər və Müdafiə nazirliklərinin, Federal Təhlükəsizlik Xidmətinin (FTX) dəstəyi ilə əməliyyatlar apardığı bildirilir. MAR-da onun nəzarət etdiyi iki şirkətin rəhbər işçiləri də sanksiya siyahısına salınıb.
Həmçinin FTX və Rusiya Müdafiə Nazirliyinə sualtı ləvazimat tədarük etdiyi bildirilən “Okeanos” şirkətinin və Finlandiyada yerləşən “Optima Freight”, “GCH Finland”, “Unicum Trade”, “Acex” şirkətlərinin də vəzifəli şəxslərinə dair müvafiq məhdudlaşdırıcı tədbirlər görülüb.