Azərbaycan Dillər Universitetinə (ADU) yüksək balla qəbul olunmuş, eyni zamanda 2020/2021-ci tədris ilində “Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”na əsasən Prezident təqaüdünə layiq görülmüş I kurs tələbələri həyatlarının yeni mərhələsində yaşadıqları xoş hissləri bölüşüblər.
Unikal.org onların təəssüratlarını oxuculara təqdim edir:
ADU-nun Tərcümə fakültəsinə 678.3 balla qəbul olunmuş Prezident təqaüdçüsü Zümrüd Həsənova:
“Adımı siyahıda gördüyüm an mənim üçün unudulmazdır”
- Abşeron rayonu Xırdalan şəhəri 2 nömrəli tam orta məktəbi qırmızı attestatla bitirmişəm. Qəbul imtahanı mərhələli şəkildə keçirildi. Mən hər bir imtahana ciddi hazırlaşmışdım. Bütün fənnlərə məsuliyyətlə yanaşırdım və əzmlə çalışırdım ki, yüksək nəticə göstərim. Düşünürəm ki, istədiyim nəticəni əldə etdim.
Qəbul imtahanının birinci mərhələsindəki imtahan nəticələrim məni çox sevindirdi, çünki 300 baldan 291 bal toplamışdım. Bu imtahandakı uğurum məni çox ruhlandırdı və növbəti mərhələdəki imtahanda da yüksək nəticə əldə etməyimə kömək etdi. İmtahan prosesi zamanı məni hər zaman dəstəkləyən valideyinlərimə öz təşəkkürümü bildirmək istəyirəm.
Mən uşaqlıq illərimdən müxtəlif dilləri öyrənməyə çox böyük həvəs göstərirdim. Bu, hər zaman mənim maraq dairəmdə olub. Məhz buna görə də tərcüməçi olmaq qərarına gəldim.
Elektron ixtisas seçimi zamanı heç tərəddüd etmədən ilk olaraq Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsini yazdım və qəbul olundum. Yəni, seçimdə heç çətinlik çəkmədim. Çünki qərarımı çoxdan vermişdim.
Dillər Universitetini seçdim, çünki bu universitet dünya dillərini çox keyfiyyətli tədris edən yeganə ali məktəbdir. Mən şadam ki, məqsədlərimdən birini müvəffəqiyyətlə həyata keçirdim. Mənim gələcək planlarımdan biri ali təhsilimi başa vurub yüksək səviyyəli mütəxəssis olmaqdır.
Prezident təqaüdünə layiq görüldüyümü öyrənəndə sevincimin həddi-hüdudu olmadı. Adımı siyahıda gördüyüm an mənim üçün unudulmazdır. Respublika üzrə Prezident təqaüdünə layiq görülmüş 102 tələbədən biri olmaq mənim üçün çox qürurvericidir. Sevindirici haldır ki, biliklərimiz dövlətimiz tərəfindən belə yüksək qiymətləndirilir.
* * *
ADU-nun İngilis dili müəllimliyi ixtisasına 676.8 balla qəbul olunmuş Prezident təqaüdçüsü Aişə Bəşirova:
“Heç tərəddüd etmədən ilk Dillər Universitetini yazdım”
- Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin (TDV BTL) məzunuyam. Hər bir abituriyent kimi mənim də arzum yüksək balla, ən əsası istədiyim universitetə qəbul olunmaq idi. Bunun üçün də əlimdən gələni edir, imtahana bacardığım qədər yaxşı hazırlaşmağa çalışırdım.
Pandemiyanın həyatımıza girməsi ilə çox şey dəyişdi. Artıq ənənəvi qaydada parta arxasında oturub imtahanlara hazırlaşmırdıq. Müxtəlif platformalardan istifadə edərək dərslərimizə onlayn şəkildə davam etdik. Bunun da istər-istəməz hər birimizə psixoloji təsiri var idi. Artıq, bu, sadəcə bilik imtahanı deyil, eyni zamanda psixoloji imtahan olmuşdu.
İmtahan sanitar-epidemioloji qaydalara uyğun olaraq baş tutdu. Hamı maska taxır və sosial məsafə qaydalarına riayət edirdi.
İmtahanın nəticələri elan olunduqda həddindən artıq çox sevinmiş, hətta sevincimdən gözlərim yaşarmışdı. Əlbəttə ki, belə nəticə əldə etməyimdə hər zaman yanımda olan ailəmin və müəllimlərimin rolu əvəzolunmazdır.
Arzum xarici dil tədris etmək və yeni dillər öyrənmək idi. Bu arzu ilə yaşayanlar üçün Dillər Universitetinin mükəmməl bir yer olduğunu yaxınlarımdan çox eşitmişdim. Məhz buna görə də universitet seçimi zamanı heç tərəddüd etmədən ilk Dillər Universitetini yazdım. Müsabiqənin nəticələri elan olunduğu gün arzularımı reallaşdırmağa nə qədər yaxın olduğumu hiss etdim. Bu, həqiqətən də möhtəşəm hiss idi.
ADU-nun tələbəsi olduğum üçün özümü çox şanslı hiss edirəm. Zənnimcə, arzusu bir sıra xarici dillərdə danışmaq olan hər bir insan üçün Dillər Universiteti mükəmməl yerdir.
İmtahanda topladığım balı öyrənən yaxınlarım və müəllimlərim Prezident təqaüdünə layiq görüləcəyimə, demək olar ki, əmin idilər. Mən isə belə bir şeyin mümkünlüyünə inana bilmirdim. Prezident təqaüdünə layiq görüldüyümü öyrənəndə həm çox təəccüblənmiş, həm də çox sevinmişdim.
Yeni bir dil öyrənmək çoxlu əmək və əzmkarlıq tələb edir. Qarşıda gələn illərdə dil biliklərimi inkişaf etdirmək üçün əlimdən gələni edəcəyəm.