"Sobsan" boya fabrikində baş vermiş yanğında evi yanan vətəndaşa dəymiş zərər ödənilmir.
Bunu Unikal.org-a müraciət edən Binəqədi rayonu 31-26-cı məhəllədə yaşayan, zərərçəkmiş Alməmmədov Məhiyəddin Alməmməd oğlu bildirib:
""Sobsan"da baş verən yanğın zamanı çən yandı, evimizə töküldü. Fabrikin rəhbərliyi nümayəndələr göndərdi. Onlar da bildirdilər ki, bizə dəymiş bütün xərclər ödəniləcək. 12 metr uzunluğu, 5 metr eni olan evim bütün əşyaları ilə birgə tamamilə yanıb. Aidiyyatı dövlət qurumlarına müraciət etmişəm. Fövqəladə Hallar Nazirliyinin hesablamalarına görə yanan əşyaların qiyməti 62 660 manatdır. Bundan başqa həyətimdə olan 8 min manat dəyərində 22 ədəd meyvə ağaclarım yanıb. Həmçinin mənzilimin yanan hissəsinin cəmi qiyməti 30 min manatdan çoxdur. Binəqədi rayon İcra Hakimiyyətindən cavab gəlib ki, araşdırma gedir, bizə dəymiş zərər ödəniləcək. Amma kimin və ya hansı qurumun ödəyəcəyi qeyd olunbmayıb. Boya fabrikinin rəhbərliyi də məni qəbul etmir. Yalandan bəhanələr gətirir. Xahiş edirəm aidiyyatı dövlət qurumları mənim ailəmə kömək etsin".