Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti işğal altında olan su təsərrüfatı və meliorasiya obyektlərinin sayını açıqlayıb.
ASC-dən Unikal.org-a verilən məlumata görə, işğal altında su anbarlarının sayı 9 (Suqovuşan su anbarı artıq azad edilib), su tutarlarının sayı 7 olub. Erməni işğalı altında olan torpaqlarımızdakı suvarma şəbəkələrinin uzunluğu 6426 km, hidroqovşaqların sayı 2, kollektor-drenaj şəbəkəsinin uzunluğu 330 km, hidrotexniki qurğuların sayı 8003, nasos stansiyalarının sayı 88, subartezian quyuların sayı 1429 ədəd olub.
Azərbaycanda 125 800 ha suvarılan torpaq sahəsi işğal altında qalmışdı.
ASC-dən qeyd edilib ki, Qələbədən sonra işğaldan azad edilmiş ərazilərimizdəki su təsərrüfatı və meliorasiya obyektlərinin sayının daha dəqiq müəyyən edilməsi üçün xüsusi komissiyalar yaradılacaq. Bu komissiyalar tərəfindən aparılan araşdırma nəticəsində istifadəyə yararlı olan su təsərrüfatı və meliorasiya obyektləri müəyyən ediləcək.
Qələbədən sonra həmin obyektlərin işə düşməsi su təminatı çətin olan ərazilərə suyun davamlı verilməsinə, əkin sahələrinin genişləndirilməsinə, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə və ekoloji tarazlığın bərpa edilməsinə təminat yaranacaq. Bütün bunlar isə son nəticədə ölkədə bol məhsuldarlığın yaranmasına imkan verəcək.