“İctimai Palatanın adı ilə indiki funksiyası arasında kəskin ziddiyyət yaranıb”
11:40 10-01-2013
MÜSAHİBƏ
“İctimai Palatanın adı ilə indiki funksiyası arasında kəskin ziddiyyət yaranıb”
Vaqif Mahmudov: “Azərbaycan Ziyalılar Forumu ilə Rusiyadakı azərbaycanlı
milyarderlər arasında yaxınlıqlar axtarmaq meylində olanlar yanlışlığa yol verirlər”
Azərbaycanda prezident seçkiləri yaxınlaşdıqca bu seçkilərin nəticələrində marağı olan xarici siyasi dairələrin aktivliyi və o cümlədən Azərbaycan müxalifətinin daxilində gedən dartışmaların xarakteri də sərtləşməkdədir. Bu proseslər barədə suallarımızı Açıq Cəmiyyət Partiyası sədrinin siyasi məsələlər üzrə müavini Vaqif Mahmudov cavablandırır.
-Vaqif bəy, Rusiyada fəaliyyət göstərən azərbaycanlı milyarderlər yenidən gündəmə gəliblər. Söyün Sadıqov Rusiyanın prezidenti ilə görüşüb, mətbuat səhifələrində Abbas Abbasovun adı gözə dəyir... Bu aktivliyin Azərbaycana yönəlik tərəfi hiss olunurmu?
-Sözügedən görüşlərin və ümumən bu ətrafdakı hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini proqnozlaşdırmaq xeyli çətindir. Çünki həmin görüşlər barəsində ancaq ümumi xarakterli məlumatlar yayılır, ortalıqda konkret nəticəyə gəlmək imkanı verən məlumatlar yox dərəcəsindədir. Bunu da qeyd etməliyik ki, Rusiya prezidenti Vladimir Putinin qəbul etdiyi şəxs, yəni milyarder Söyün Sadıqov Rusiyanın vətəndaşıdır və bu cür görüş müəyyən qaydalar daxilində baş verib. Ona görə də bu qəbulda ciddi siyasi məzmun axtarmaq yanlışlıq olardı. Bu, məsələnin bir tərəfidir. Digər tərəfdən isə Azərbaycan Ziyalılar Forumu ilə Rusiyadakı azərbaycanlı milyarderlər arasında yaxınlıqlar axtarmaq meylində olanlar, zənnimcə, yanlışlığa yol verirlər. Ümumiyyətlə, qeyd edilməlidir ki, Azərbaycanla Rusiya bir çox parametrlərdə yaxınlığa məhkumdur. Bu yaxınlıq həm coğrafi, həm iqtisadi, həm mədəni, həm də siyasi müstəvidə ifadə olunur. Və hazırda Rusiyada iki milyondan çox soydaşımız yaşayır. Bu baxımdan yanaşanda Azərbaycan-Rusiya münasibətləri çoxplanlıdır. Amma konkret olaraq sözügedən görüşü müəyyən çalarda hallandırmaq cəhdi çətin işdir. Ortalıqda müxtəlif versiyalar var. İrəli sürülən versiyalardan biri budur ki, Azərbaycan prezident seçkiləri ərəfəsindədir və Rusiya çalışır ki, azərbaycanlı milyarderlərin imkanlarından yararlanıb bu seçkilərin nəticələrinə birbaşa təsir etsin. Amma bu versiyanın nə dərəcədə həqiqətə uyğun olub-olmadığı və rus texnoloqlarının Azərbaycan üçün hansı siyasi variantı işləyib hazırladığı bizim üçün müəmma olaraq qalır.
-Rusiyanın Azərbaycanda “İvanişvili variantı”nı tətbiq etməyə can atması ehtimalı nə dərəcədə realdır?
-Gürcüstandakı ab-hava ilə Azərbaycandakı mühit tamamilə fərqlidir. Rusiyanın bu ölkələrdəki maraqları və daxili siyasətə təsir imkanları da xeyli dərəcədə fərqlənir. Gürcüstanda müxalifətin aktiv şəkildə siyasi aksiyalar keçirtməsinə imkanlar yaradılmışdı. Gürcü müxalifəti Tiflisin mərkəzində mitinqlər təşkil edirdi, onların əllərində telekanallar var idi. Yəni Gürcüstanda aktiv cəmiyyət yaranmışdı. Orada demokratiyanın inkişafı üçün lazımi şərait yaradılmışdı. Bəlkə, elə buna görə də Rusiyanın Gürcüstana təsir etmək imkanları daha çox idi. Rusiyanın Azərbaycana bu baxımdan təsir etmək imkanları xeyli məhduddur. Azərbaycan müxalifətinin ictimaiyyətlə təmas imkanları xeyli kasaddır. Ona görə də deyə bilmərik ki, Rusiya Gürcüstana tətbiq etdiyi variantları Azərbaycana qarşı da tətbiq edə bilər. Amma işin bu tərəfi də var ki, Gürcüstanın baş naziri İvanişvilinin birbaşa Rusiyanın adamı olmasını da heç kim qəti şəkildə təsdiq edə bilməz. İvanişvilini Gürcüstan vətəndaşları seçiblər, ona səs veriblər.
-İctimai Palatadakı mənzərə aydınlaşdı, yəni artıq Müsavat Partiyası öz başqanı İsa Qəmbərin prezidentliyə namizədliyini irəli sürəcəyini qəti şəkildə bəyan etdi. Sizcə, bundan sonra İctimai Palatada gedəcək proseslər hansı yöndə davam eləyə bilər? Bu qurumdakı iki əsas siyasi qüvvənin – AXCP ilə Müsavat Partiyasının perspektivdə münasibətləri hansı formalara keçə bilər?
-Yarandığı gündən indiyə qədər İctimai Palatanın əsas məqsədi bu olub ki, geniş xalq kütlələrini öz ətrafında birləşdirsin. Ötən illər ərzində bu missiyanın öhdəsindən gələ bilmədiyi üçün artıq İctimai Palatanın adı ilə indiki funksiyası arasında kəskin ziddiyyət yaranıb. Bəlli olur ki, İctimai Palata öz namizədi və yaxud namizədləri ilə prezident seçkilərində iştirak etmək niyyətindədir. Və artıq Müsavatın başqanı İsa bəyin namizədliyi irəli sürülüb. Digər tərəfdən mətbuatda gedən materiallara diqqət yetirsəniz görərsiniz ki, AXCP mənsubları bu məsələyə konkret münasibət bildirməsələr də, ola bilər ki, onların da ürəyindən keçir ki, Əli Kərimlinin də prezidentliyə namizədliyini irəli sürsünlər. Yəni bu məqamda əsas məsələ bundan ibarətdir ki, İctimai Palata yarandığı gündən öz qarşısına qoyduğu əsas məqsəddən xeyli uzaqlaşıb və məhdud miqyaslı siyasi quruma çevrilib. Buna görə də həmin qurumu təşkil edən iki əsas siyasi təşkilatın fəaliyyətində bir konkretlik görünmür. Artıq Müsavat Partiyası öz yolunu seçibdir. Mənə elə gəlir ki, AXCP də yaxın aylarda öz məqsədini açıqlayacaq. Yəni bu qurumdakı situasiya bu cür davam edə bilməzdi və nəticə belə də olmalıydı. Güman ki, İctimai Palatanın aylardan bəri müzakirə predmetinə çevrilən vahid namizəd problemi daha gündəlikdən çıxacaq. Hər halda, bu mənim şəxsi fikrimdir. Bu qurum ictimaiyyəti də çaşdırmışdı. Yəni Azərbaycan cəmiyyəti İctimai Palatanın məqsəd və məramının nədən ibarət olduğunu başa düşə bilmirdi. Əgər İctimai Palata prezident seçkilərində iştirak edəcəkdisə, onda qoy bu qurumu yaradanlar gedib İctimai Palatanın 2010-cu ildəki nizamnaməsinə diqqətlə baxsınlar. Onda görərlər ki, o zaman elan edilmiş hədəflərlə bu günki reallıqlar arasında kəskin uyğunsuzluq müşahidə olunur. Kiminsə prezident seçkilərinə qatılıb-qatılmayacağı hər bir siyasi partiyanın öz daxili işidir, amma mənə elə gəlir ki, İctimai Palatanın qarşısına qoyduğu əsas məqsəd bundan ibarətdir ki, ölkədəki ictimai-siyasi vəziyyət dəyişsin, demokratik seçki mühiti yaradılsın. Bu qurum bu uğurda mübarizə aparmalıydı. Prezident seçkilərini uğurla keçirtmək üçün hansı münbit şəraitin yaradılmasına nail olunub ki, İctimai Palata namizədlik uğrunda dava-dalaşa başlayıb? Çox adam yerindən qalxıb prezidentliyə namizədliyini irəli sürə bilər, amma köhnə seçki strukturları ilə seçkilərə qatılacağıqsa, bu proseslərin nə mənası var?
-Artıq qəti şəkildə demək olar ki, Azərbaycan müxalifəti prezident seçkilərinə bir neçə namizədlə gedəcək...
-Vəziyyət belədir ki, bizim partiyanın əsas məqsədi ölkədə demokratik seçki mühitinin yaradılmasını təmin etməkdir. Yəni Azərbaycanda ictimai-siyasi hadisələrin indiki gedişi əvvəlki illəri xatırlatmamalıdır. Əlbəttə, əgər cəmiyyət və müxalifət bunu istəyirsə. Çalışmalıyıq ki, ölkədə uzun illərdən bəri davam edən ictimai-siyasi ab-hava dəyişilsin. Ölkədəki bütün vətəndaşların, siyasi partiyaların və vətəndaş cəmiyyəti institutlarının diqqəti buna doğru yönəlməlidir. Yəni seçki prosesinə kompleks şəkildə yanaşılmalıdır. Vətəndaşların seçki hüquqlarının qorunmasından tutmuş sərbəst toplaşmaq azadlığının təmin edilməsinə qədər bütün təsisatlar diqqət mərkəzində olmalıdır və bunların gerçəkləşməsinə çalışmalıyıq. Yəni Azərbaycan cəmiyyəti Gürcüstan cəmiyyəti qədər aktivləşdirilməlidir. Bunlar həyata keçirilmədən Azərbaycan müxalifətinin seçki qovğası və seçki xəyalları elə boş xəyallar olaraq qalacaq. Prezidentliyə namizədlərin sayının çox və yaxud az olması, hətta lap vahid namizədin olması da heç nəyi dəyişməyəcək və seçkilərin nəticəsini indidən asanlıqla proqnozlaşdırmaq çətin olmayacaq.
-Partiyanızın lideri Rəsul Quliyev, çox güman ki, prezidentliyə iddialı əsas namizədlərdən biri olacaq. Hər halda, müxalifətdaxili proseslərin gedişi bu qənaətə gəlməyə əsas verir. Deməli, istər-istəməz müəyyən siyasi partiyalarla ittifaqa getməlisiniz. Bu yöndə hansı işləri aparırsınız? Hansı partiyaları özünüzə müttəfiq kimi görürsünüz?
-Hal-hazırda, bildiyiniz kimi, bizim partiya demokratik qüvvələrin Məşvərət Məclisində təmsil olunub. Yaxın perspektiv barədə hələ ki açıqlama verməyəcəyik, amma bir məsələni vurğulaya bilərəm ki, indiki mərhələdə partiyamızın əsas və təxirəsalınmaz məqsədi ölkədə demokratik seçki mühitinin yaradılmasıdır və bu məqsəd naminə istənilən siyasi qurumla əməkdaşlığa hazırıq.
Söhbətləşdi: Savalan
Digər Xəbərlər
2024-07-17 16:13:11
2024-05-15 14:51:59
2024-03-18 12:32:00
2024-01-24 15:12:51
2024-01-01 16:25:19
2023-12-18 11:19:00
2023-12-01 10:49:00
2023-11-28 14:52:01
2023-11-13 11:08:00
2023-10-12 12:45:00
2023-10-07 12:05:00
2023-09-22 11:30:00