"Müxalifətçilər cəmiyyətdə kifayət qədər hörmətdən düşüblər"
13:41 29-01-2013
MÜSAHİBƏ
"Müxalifətçilər cəmiyyətdə kifayət qədər hörmətdən düşüblər"
Elnur Məhərrəmli: "Rəsul Quliyevlə əməkdaşlıq çox müşkül bir məsələdir"
Mətbuatda məlumat yayılıb ki, Ədalət Partiyası sədrinin keçmiş müavini Elxan Şükürlü və tanınmış jurnalist, Azpolitika.com saytının baş redaktoru Elnur Məhərrəmli yeni siyasi qurum yaratmağa başlayıblar. Elnur Məhərrəmli bizimlə söhbətində bu məlumatı təkzib etsə də, söhbətimiz bununla bitmədi...
-Elnur bəy, Ədalət Partiyası sədrinin keçmiş müavini Elxan Şükürlü ilə birlikdə yeni siyasi partiya yaratmaq istiqamətində işlər gördüyünüz barədə mətbuatda məlumat yayılıb...
-Həmin məlumatın ciddi əsası yoxdur. Yəni o mənada ki biz dostlarımızla birlikdə (hansı ki onların içində Elxan bəy də var) yeni siyasi partiya yaratmağın nəzəri zərurəti barədə fikir mübadiləsi aparmışıq. Görünür, bu müzakirələrlə bağlı məlumat mətbuata sızdığına görə, belə bir xəbər meydana çıxıb. Amma bizim belə bir qərarımız yoxdur. Çünki başa düşürük ki, Azərbaycanda siyasi partiya yaratmaq və siyasi fəaliyyətlə məşğul olub hansısa uğur qazanmaq çox məsuliyyətli bir işdir və hazırki şəraitdə qeyri-mümkündür. Faktiki olaraq, Azərbaycanda siyasət bir peşə kimi sıradan çıxıb. Hökumətimiz buna nail ola bilib. Qeydiyyatdan keçmiş və keçməmiş partiyaların varlığı formal xarakter daşıyır və onlar heç bir ciddi siyasətlə məşğul olmur. Belə bir vaxtda bizim siyasətə qatılmağımız doğru olmazdı. Bizim hələ ki belə bir niyyətimiz yoxdur. Əksinə, biz öz fəaliyyətimizi uzun illər çalışdığımız mətbuatda davam etdirəcəyik. Biz neçə aydır ki, Azpolitika.info saytını təsis etmişik. Təxminən, beş ay ərzində oxucularımızın sayı gündəlik İP ziyarəti 15-17 mindən artıqdır. Biz yaxın aylarda siyasi saytlar içində ilk üçlüyə düşməyi hədəfləmişik. Ona görə də siyasi partiya yaratmaq niyyətimiz yoxdur.
-Amma bu da faktdır ki, son aylarda siyasi həyatda sizin nəslin təmsilçiləri, yəni gənclər daha aktiv görünürlər və klassik müxaliflər artıq arxa plana keçiblər və ənənəvi bəyanatlar verməklə, daxili haqq-hesabları çürütməklə məşğuldurlar...
-Düz deyirsiniz. Düşünürəm ki, hakmiyyətin hazırda nəzarət edə bilmədiyi yeganə qüvvə gənclikdir. Bəli, gənclik son aylarda kifayət qədər fəaldır və biz də özümüzü onlardan kənarda görmürük. Amma hər kəs öz sahəsində əlindən gələni etməlidir. Biz prinsipial müxalif mövqeyimizi mətbuatdakı işimizlə sərgiləyirik.
-Gəncliyin indiki aktivliyini həm də siyasi nəsillər arasında gedən əvəzlənmə prosesi kimi dəyərləndirmək olarmı? Çünki ekspertlər hesab edirlər ki, indiki müxaliflər siyasi səhnədən getməlidirlər və siyasətə yeni nəfəs qatılmalıdır...
-Azərbaycan siyasətində nəsil dəyişikliyi qaçılmazdır. Heç kimi zorla siyasətdən kənarlaşdırmaq olmaz. Amma müşahidələrimizə görə, postsovet məkanında Azərbaycan müxalifəti yeganə qüvvədir ki, 90-cı illərdə siyasətə gəlib və hələ də aparıcı mövqedə qalmağa can atır. Onlar meydanı tərk etmək niyyətində deyillər. Halbuki eyni partiyanın iyirmi il ərzində hakimiyyətdə qalmasının əsas səbəblərindən biri, bəlkə də, budur. Bu müxalifətçilər cəmiyyətdə kifayət qədər hörmətdən düşüblər. Onlar xalqı yenidən özlərinə inandırmaq və irəliyə aparmaq iqtidarında deyillər. Ona görə də Azərbaycan xalqı hakimiyyətdən nə qədər narazı olsa da, müxalifətin arxasınca getmir. Və açığı, düşünürəm ki, müxalifətdə cəsarət, prinsipiallıq və qabiliyyət də müşahidə olunmur. Fikrimizi konkretləşdirsək, nə Müsavatın başqanı İsa Qəmbər, nə ACP lideri Rəsul Quliyev, nə də AMİP lideri Etibar Məmmədov və başqaları Azərbaycan cəmiyyətini irəli aparmaq iqtidarında deyillər və xalq da onlara daha inanmır. Bu gün Azərbaycanda gəncliyin sıralarından yeni siyasətçilər meydana çıxıblar və onların sözü cəmiyyət tərəfindən daha ciddi qarşılanır. Gənclər öz mübarizələrində daha prinsipial və daha cəsarətlidirlər. Yəqin ki, bu nəsil dəyişikliyi prosesi gedəcəkdir və bunun qarşısını almaq mümkün deyil.
-Hazırda ən çox təəssüf doğuran hal eyni köynəkdən çıxmış iki siyasi təşkilatın arasında yaranmış vəziyyətdir. Onların yaratdığı İctimai Palata, deyəsən, son günlərini yaşayır. Niyə eyni ideologiyanı təbliğ edən, elektoratı eyni olan Müsavatla AXCP yenə də barışmaz rəqiblərə çevrildi?
-Bu, çox ciddi məsələdir. İctimai Palata yarananda cəmiyyətə müəyyən qədər ümid verə bilmişdi. Cəmiyyət hesab edirdi ki, iyirimi illik müxalifət uğursuzluğu həm Müsavata, həm də AXCP-yə bir dərs olub, onlar sosial sifarişi nəzərə alaraq birləşəcəklər və özlərinin şəxsi ambisiyalarından geri çəkiləcəklər. Çünki ayrı-ayrılıqda heç bir qüvvənin hakimiyyətə qalib gəlmək şansı yoxdur. Ona görə də güclər bir yerə toplanmalıydı. Hətta bu gün AXCP ilə Müsavatın birliyi də heç nəyi həll etmir. Müxalifətin daha geniş koalisiyası yaranmalıdır. Hazırda Ziyalılar Forumu çox ciddi təsir imkanlarına malik bir qüvvə kimi ortalığa çıxıb. Kənarda qalmış çoxlu digər müxalif qurumlar da var. İP-nin vahid namizəd probleminin həlli də heç nəyi dəyişməyəcək. İP-nın Azərbaycan hakimiyyətinin daxilindən gizli dəstək alması şansı çox aşağıdır. Sanki onlarla hakimiyyət arasında sinfi ziddiyyət yaranıb. İyirmi ildə bütün KİV vasitəsilə məhz bu iki qüvvənin əleyhinə təbliğat aparılıb. AXCP ilə Müsavatın rəhbərləri 92-93-cü illərin uğursuz hakimiyyətinin məsuliyyətini daşıyan şəxslərdir. Bu gün Pənah Hüseyni, Arif Hacılını, İsa Qəmbəri bu məsuliyyətdən kənar saxlamaq mümkün deyil. İstər-istəməz Azərbaycan xalqının içində həmin illərin bir qorxusu var. Siyasətə yeni qüvvələr gəlməlidir və AXCP ilə Müsavat bu yeni qüvvələrlə birlikdə olacağı halda nəsə uğur əldə etmək şansları var. Bu gün müxalifət daxilindəki əsas problem bu iki partiyanın arasındakı münasibətdən qaynaqlanır. Onların vahid namizəd məsələsində razılığa gələcəyi halda digər qüvvələrin bu prosesə qoşulması asanlaşa bilər. Əsas problem AXCP ilə Müsavatın vahid namizəd ətrafında birləşmək istəyində olmamasındadır. Halbuki onlar etiraf da edirlər və başa da düşürlər ki, təklikdə heç bir uğur qazanmaq şansları yoxdur. Təəssüf ki, yenə də köhnə ənənə davam edir. Cəbhəçilər Müsavata və onun başqanına şübhə ilə yanaşırlar. Guya onlar hakimiyyətlə işbirliyindədirlər. Eyni qaydada da müsavatçılar AXCP-yə və onun sədrinə qarşı etibarsız şəkildə yanaşırlar. Belə bir inamsızlıq şəraitində bu qüvvələrin birləşməsi və yaxud birləşməməyi heç nəyi həll etmir. Yeni formatda xalq hərəkatının yaranmasına ehtiyac vardır. Təklikdə AXCP-Müsavat alyansının heç bir şansı yoxdur. İsa bəyin Lənkərana iki dəfə uğursuz səfər cəhdi də bunu bir daha ortalığa qoydu. Hökumət küçələrə yüz-yüz əlli adam çıxartmaqla Azərbaycanın guya ana müxalifət partiyasının rəhbərinin Lənkəran səfərinin qarşısını ala bildi. Nə işdirsə, həmin zonada guya minlərlə sayılan müsavatçılar bu provokasiyaya qarşı dura bilmədi və küçələrə çıxmadı. İsa bəy isə bir neçə yüz nəfərin və polis serjantlarının qarşısında geri şəkildi. Bu hadisə İsa Qəmbərə bir mesajdır ki, onun 2003-cü ildəki nüfuzundan heç bir əsər-əlamət qalmayıb və təkbaşına ortalığa atılmaqla heç nəyə nail olmaq mümkün deyil. Bu hadisə bir siqnal olmalıdır ki, İsa bəy öz mövqeyini yenidən nəzərdən keçirtsin və ümummüxalifət birliyinin yaranması istiqamətində çalışmalara başlasın.
-Siz hazırda mühacirətdə olan ACP lideri Rəsul Quliyevlə əməkdaşlıq edibsiniz və sonradan yollarınız ayrılıb. Bu barədə kifayət qədər açıqlamalar da veribsiniz. Bizdə olan son məlumata görə, tanınmış jurnalist Heydər Oğuz da Quliyevdən ayrılıb... Sizcə, niyə Rəsul Quliyev əməkdaşlıq eləmək üçün bu qədər çətin bir fiqurdur?
-Rəsul müəllim, həqiqətən də, çox çətin bir adamdır. Onunla əməkdaşlıq çox müşkül bir məsələdir. Mən on ildən artıq bir müddətdə Rəsul müəllimə yaxın olan qəzetlərdə çalışmışam. Azpolitika.info saytını təsis edərkən də onunla müəyyən qədər əməkdaşlığımız olub. Əslində, Rəsul müəllimi başa düşmək çox çətindir. Mən hələ o, bir il öncə aktiv siyasətə qoşulanda, çox iddialı bəyanatlar verəndə bir yaxın adam kimi bu yolun doğru olmayacağını bildirmişdim. Amma o mənim çox mədəni tonda ifadə etdiyim iradlardan möhkəm qəzəblənmişdi. Bu gün isə biz görürük ki, Rəsul müəllim qarşısına qoyduğu məqsədə doğru heç beş addım da irəliləyə bilməyib. Onun yenidən siyasətə atılmağının səbəbi nəydi? Onun əsas arqumenti buydu ki, "Mən yeni texnologiyalardan istifadə edib Azərbaycan xalqı ilə canlı ünsiyyət quracağam və məqsədimə çatacağam". Hazırda ölkədə onun videoçarxları yayılır, skype-yə qoşulub müsahibələr verir, iclaslar keçirdir. Biz həmin o videoçarxlara baxanda, müsahibələrinə tamaşa edəndə Rəsul müəllimin nə qədər yanlış taktika seçdiyini qeyd edirdik. Bu gün onun seçdiyi texnologiyalar onun əleyhinə işləməyə başlayıb. Azərbaycan xalqı ilə birbaşa təmasa girməyi onun ziyanına işlədi. Adi bir misal deyim sizə. Bir neçə gündür ki, sosial şəbəkələrdə "Əgər sabah prezident seçkiləri keçirilsəydi, kimə səs verərdiniz?" sorğusu keçirilir. Bu sorğuda ən yüksək nəticəni yeddi minə yaxın səslə Prezident İlham Əliyev və AXCP sədri Əli Kərimli qazanıblar. Rəsul Quliyevə isə cəmi yüz atmış nəfər səs verəcəyini bildirib. Rəsul Quliyevin taktikası belə nəticələndi.
Söhbətləşdi: Savalan
Digər Xəbərlər
2024-07-17 16:13:11
2024-05-15 14:51:59
2024-03-18 12:32:00
2024-01-24 15:12:51
2024-01-01 16:25:19
2023-12-18 11:19:00
2023-12-01 10:49:00
2023-11-28 14:52:01
2023-11-13 11:08:00
2023-10-12 12:45:00
2023-10-07 12:05:00
2023-09-22 11:30:00