"Ukraynanın qalib gəlməsi bizim qələbəmizdir. Həmçinin bütün postsovet xalqlarının qələbəsidir".

Bu fikirləri Donbasdakı gərginlik barədə Unikal.org-a açıqlama verən politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli səsləndirib.

Politoloqun fikrincə, Donbasda açıq müharibə ehtimalları kifayət qədər realdır: "Düşünürəm ki, Rusiya Krımdan, eləcə də Donetsk və Luqanskdan çıxmalıdır, amma məncə, bunu etməyəcək. Çünki Rusiya postsovet məkanındakı iddialarından əl çəkən deyil. Amma ona imkan verilməyəcək. Donbasda Ukrayna və Rusiya toqquşması zamanı Qərb – NATO, Avropa və ABŞ Ukraynanın tərəfini tutacaq və dəstəkləyəcəklər. Rusiyaya sarsıdıcı bir zərbə vuracaqlar. Rusiya nüvə müharibəsi ilə təhdid etsə də, ona imkan verməyəcəklər".

Q.Hüseynli Ukraynanın qələbə çalmasının Azərbaycanın maraqlarına tam uyğun olduğunu bildirib: "Mənim zənnimcə, Donbas müharibəsində Ukrayna qalib gələcək. Ukrayna öz ərazi bütövlüyünü təmin edəcək. Postsovet məkanında separatizmlərin iflasa uğraması, imperializmin məğlub olması Azərbaycanın maraqlarına tam cavab verir. Ukraynanın qalib gəlməsi bizim qələbəmizdir. Həmçinin bütün postsovet xalqlarının qələbəsidir".

Coşqun Əli