Elnur Astanbəyli: "Bu seriya ölkəmizin kitab bazarındakı ciddi bir boşluğu doldurmağa hesablanıb"

Azərbaycanın aparıcı nəşriyyatlarından olan "Altun kitab" nəşrlər evi "Tarixi yaradanlar" seriyasından elmi-kütləvi əsərlərin nəşrinə başlayıb. Layihə Azərbaycan və dünya tarixinə yeni istiqamət verən görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətindən bəhs edəcək kitabların nəşrini nəzərdə tutur.

"Unikal" qəzetinin əməkdaşı layihə barədə ətraflı məlumat almaq üçün seriyanın redaktoru, şair-publisist Elnur Astanbəyli ilə söhbətləşib. İndi həmin müsahibəni sizə təqdim edirik.

– Elnur bəy, "Tarixi yaradanlar" seriyası hansı ehtiyacdan doğub?

– Əvvəla, tarix keçmişdən daha çox gələcəklə bağlı bir elmdir. O mənada ki istər ayrılıqda xalqlar, istərsə də ümumilikdə bəşəriyyət gələcəyini məhz tarixdən nəticələr çıxararaq, ibrətlər alaraq inşa elədikdə biz daha arzuolunan cəmiyyətdə, yaxud dünyada yaşaya bilərik. Tarixi isə ya hadisələr, ya da şəxsiyyətlər üzərində qavramaq, ərk eləmək mümkündür. Əslində,  bu ikisi bir-birindən bağımsız da deyil: şəxsiyyətlərin tarixi eyni zamanda hadisələrin tarixidir,  yaxud əksinə... "Tarixi yaradanlar" seriyasının ilk məqsədi də Azərbaycan və dünya tarixinə yön vermiş görkəmli simalara, deməli, həm də bu simalar fonunda hadisələrə nəzər salmaq, nəticə etibarilə isə iki şeyə nail olmaqdır: birincisi, bu seriyaya daxil edilən elmi-kütləvi kitablarla bir yandan ən müxtəlif yaş qruplarını təmsil edən geniş oxucu kütlələrinin tarix bilincini artırmaq; ikincisi, tarix bilincinə yiyələnən geniş oxucu kütlələrinə keçmişin doğrularını və yanlışlarını müqayisə şansı tanımaq, bununla da cəmiyyətin daha  doğru istiqamətdə inkişafına töhfə verməsinin önünü açmaq. Bu məsələnin bir az fundamental tərəfidir. Bəsit tərəfi isə ondan ibarətdir ki,  "Tarixi yaradanlar" seriyası ölkəmizin kitab bazarındakı ciddi bir boşluğu doldurmağa hesablanıb. Məsələ burasındadır ki, Azərbaycan və dünya tarixini dəyişdirən şəxsiyyətlərin həyat və fəaliyyəti, ideya və dünyagörüşləri, daxili aləmləri, bilinməyən yönləri ilə bağlı müfəssəl bilgi əldə etmək istəyən oxucular bu tələbatlarını ödəməyə çətinlik çəkirlər. Haqqında danışdığımız seriyadan işıq üzü görən və görəcək elmi-kütləvi əsərlər həmin çətinliyi aradan qaldıracaq.

– Seriyadan indiyədək hansı kitablar nəşr edilib?

– Biz indiyədək ən müxtəlif sivilizasiyaları təmsil edən tarixi şəxsiyyətlər barədə kitabların çapına nail olmuşuq. Bu sırada Çingiz xan, Əmir Teymur, Makedoniyalı İsgəndər, Fateh Sultan II Mehmet, Attila, Napoleon Bonapart, Yuli Sezar, Leonardo da Vinçi, Səlahəddin Əyyubi, Albert Eynşteyn, Çarli Çaplin, Alfred Nobel, Karfagenli Hannibal kimi önəmli simalar var. Gördüyünüz kimi, bu şəxsiyyətlər həm fərqli zamanları, həm fərqli qütbləri, həm də fərqli sahələri təmsil edirlər. Üstəlik, çap olunan kitablar tanınmış, mötəbər xarici müəlliflərdən qələmə alınıb. Daha önəmli olan isə onların istər məktəblilər, istərsə də yuxarı yaş qruplarına aid oxucular tərəfindən rahatlıqla oxunmasıdır. Bir sözlə, nəşrlərdə elmi-kütləvi ədəbiyyatın başlıca kriteriyaları gözlənilib. Kitablar səlis dili və aydın üslubu ilə istənilən yaş qrupuna aid oxucunun bütün tələblərinə cavab verirlər. Onlar hər hansı şəxsiyyət barədə çox sayda əcnəbi əsər içərisindən xüsusi həsaslıqla seçiliblər və dilimizə peşəkar səviyyədə tərcümə olunublar. Bu kitabların üstün cəhətlərindən biri də yalnız haqqında danışılan şəxsiyyətin həyat və fəaliyyəti deyil, onun yaşadığı dövr və mühit barədə də oxucularda geniş təsəvvür yarada bilməsidir. Bir məqama da toxunmamaq olmaz. Maraqlı və dolğun məzmunu ilə bərabər, nəfis tərtibatı və gözoxşayan şrifti ilə diqqət çəkən kitabların daha bir önəmli cəhəti isə qiymətinin münasibliyindədir. Onları cəmi 5 AZN-ə əldə etmək mümkündür. Yəni, maddi baxımdan oxucu üçün əlçatan olması da seriyanın dəyərini artırır.

– Elnur bəy, bir az əvvəl dediklərinizdən belə başa düşdüm ki, "Tarixi yaradanlar"da Azərbaycanın da görkəmli şəxsiyyətləri ilə bağlı əsərlərin nəşri nəzərdə tutulub. Ancaq yuxarıda adını çəkdikləriniz arasında onların adlarına rast gəlmədik...

–  Çox təəssüf ki, Azərbaycanın tarixi şəxsiyyətləri barədə sırf elmi-kütləvi əsərlər yox dərəcəsindədir. Bu səbəbdən də biz boşluğu aradan qaldırmaq missiyasını üzərimizə götürdük. Layihə çərçivəsində Azərbaycanın tanınmış alimləri, araşdırıcı yazarları ilə tariximizin görkəmli simaları barədə mətnlərin yazılması məsələsində anlaşdıq. Artıq Şəmsəddin Eldəniz, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Şah Abbas, Qara Yusif və digərləri ilə bağlı kitablar ya çapa hazırlıq, ya da yazılma mərhələsindədir. Yaxın gələcəkdə bu siyahıda Uzun Həsən, Nadir şah, Ağa Məhəmməd şah Qacar, Mirzə Fətəli Axundzadə, Üzeyir Hacıbəyli, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Həzi Aslanov kimi simalar da olacaqlar. Bir sözlə, qarşıdakı müddətdə həm Azərbaycan tarixinin müxtəlif mərhələlərini təmsil edən şəxsiyyətlər barədə kitablarımız, həm də dünya tarixində iz qoymuş Kolumb, Çörçill, İbn Sina, "Şir ürəkli Riçard" ləqəbi ilə məşhur olan ingilis kralı I Riçard, Atatürk kimi simalarla bağlı kitablar hesabına seriyamız zənginləşməkdə davam eləyəcək.

Yeri gəlmişkən, bir önəmli məqamı da vurğulamaqda fayda var. Seriya ilə bağlı bir yandan həm Azərbaycanın tərcümə sahəsində imzası bəlli qələm adamları ilə əməkdaşlıq edirik, digər tərəfdən də bir çox yerli mötəbər müəlliflərlə, tədqiqatçılarla anlaşmışıq. Düşünürəm ki, bu, çap olunan və olunacaq kitabların dəyərini, oxunaqlılığını və mötəbərliliyini daha da artıran önəmli amillərdən biridir.

Söhbətləşdi: Aysel Səfərli