“İstəməzdik ki, oyunun sonunda belə hal yaşansın. Hadisə ilə bağlı hansı qərarın verilməsinə UEFA baxacaq. Bu, onların üzərinə düşür. Amma belə hal nə rəqibin futbolçuları, məşqçiləri, nə də bizim üçün xoş haldır”.
Unikal.org xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov AEL-lə keçirilən oyunun son dəqiqələrində baş verən insident barədə danışarkən deyib.
Q.Qurbanov qeyd edib ki, “Qarabağ”a qarşı belə təxribatlar dəfələrlə olub:
"Biz həmişə öz mədəniyyətimizi göstərmişik. Çünki Azərbaycanı təmsil edirik. Maksimum dərəcədə səbirli olmağa çalışırıq. Heç kimdən qorxmuruq, çəkinmirik. Sadəcə, idman prinsiplərinə uyğun özümüzü idarə etməyə çalışırıq, əxlaqımızı, mədəniyyətimizi qoruyuruq. Təbii ki, heç kim belə hadisənin yaşanmasını istəməz. Çünki nəticə heç də yaxşı olmur”.
Qeyd edək ki, oyunun 90+3-cü dəqiqəsində Abdullah Zubirin qolundan sonra yerli azarkeşlərin təxribatçı davranışları və təhqiramiz ifadələrə yol vermələri səbəbindən “Qarabağ”ın texniki zonası ilə gərginlik yaşanıb və görüş bir neçə dəqiqəlik dayandırılıb. Yenidən bərpa olunan matç 1:1 hesabı ilə bitib.