Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.
Unikal.org bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir.
İclasda iqlim dəyişikliyi ilə qlobal mübarizə, Əfqanıstanda humanitar vəziyyət, Suriya xalqının təhlükəsizliyi, Şərqi Aralıq dənizindəki proseslər müzakirə olunub.
Təhlükəsizlik Şurasının bəyanatında iqlim dəyişikliyi təhlükəsinə qarşı qlobal birgə mübarizə planlarının həyata keçirilməsinin zəruriliyi bildirilib:
"Türkiyə hər bir beynəlxalq məsələdə olduğu kimi, bu mövzuda da üzərinə düşəni edəcək".
Daha sonra Türkiyənin dost və qardaş Əfqanıstan xalqının firavanlığı və təhlükəsizliyi istiqamətində səylərini davam etdirəcəyi vurğulanıb. Əfqanıstanda humanitar böhranın qarşısının alınması üçün birgə qlobal səylərin göstərilməsi qeyd edilib.
İclasda, həmçinin Suriyada silahlı qruplaşmaların dinc insanları hədəfə alan və sabitliyə ziyan vuran hərəkətlərinin qarşısının alınması üçün Türkiyənin apardığı siyasi xətt xüsusilə vurğulanıb.