Azərbaycanda son illərdə kriptovalyutalara maraq kəskin şəkildə artıb. Hətta ilk dəfə olaraq, Azərbaycan  Dövlət İqtisad Universitetində kriptovalyuta mövzusunda fənnin tədrisinə başlanılıb. 

Mövzu ilə bağlı Unikal.org-a kriptovalyuta fənnini tədris edən Crypto Consulting MMC-nin direktoru Elnur Quliyev müsahibə verib. 

- UNEC-də kriptovalyuta mövzusunda fənn tədris edilir. Bu nə ilə əlaqədardır? Niyə məhz UNEC?

- UNEC Azərbaycanda maliyyə istiqamətli ən qabaqcıl universitetdir. Və dünyada maliyyə texnologiyalarının inkişafını və xüsusilə təhsil sistemində müasir tələbləri nəzərə alaraq ilk dəfə bu fənn tədris planına daxil edib. “Kriptovalyutalar və kiber risklər” adlı fənn UNEC Biznes Məktəbi və İqtisadiyyat və biznesin idarə edilməsi kafedrasının elmi-pedoqoji kollektivinin təşəbbüsü ilə MBA (Master of Bussines of Administration) proqramı çərçivəsində tədris edilir.

- Tələbələr bu fənn üzrə hansı biliklər əldə edəcəklər?

- MBA tələbələri “Kriptovalyutalar və kiber risklər” fənni üzrə həm nəzəri, həmdə  praktiki biliklər əldə edəcəklər. Nəzəri biliklərdən  elektron pullar, rəqəmsal aktivlər, kriptoqrafiya, blokçeyn texnologiyası, elektron cüzdanlar, kriptovalyutaların xüsusiyyətləri və tətbiqi istiqamətləri ilə bağlı mövzular tədris olunacaq. Bununla yanaşı kriptovalyuta mayninqi, smart müqavilələr, DeFi maliyyəsi, informasiya təhlükəzsiliyi və kiber risklər və s. mövzular tədris ediləcək. Bundan əlavə, prkatiki təlimlərdə (workshop) tələbələr real vaxt rejimində birjalarda alqı-satqı əməliyyatlarının aparılması, optimal ticarət strategiyalarının qurulması, risklərin idarə edilməsi və kriptovalyutaların analitikasının aparılaması qaydaları izah ediləcək. 

- Fənn artıq 2 həftədir tədris olunur. Tələbələrdə maraq necədir?

- Nəzərə alsaq ki, fənn ilk dəfə tədris olunur, maraq kifayət qədər yüksəkdir. Müasir trendləri nəzərə alsaq, digər fakultələrdə oxuyan tələbələr, həmçinin müəllimlərin özləri də maraq göstərirlər. Onu da qeyd edim ki, digər universitetlərin tələbələrinin də bu dərsdə iştirak etmək üçün müraciətləri olub.

- Bəs başqa universitetlərin tələbələri həmin dərslərdə iştirak edə bilərlərmi?

- Bunun üçün həmin tələbələr rəsmi şəkildə universitetə müraciət etməlidirlər. Bununla bağlı qərarı isə yalnız dekanlıq verə bilər. Amma qeyd edim ki, bu ödənişli fənn olduğu üçün çox güman ki, icazə verilməyəcək. UNEC-də ayrıca master klaslar keçəcəm, istəyən bütün tələbələr burda iştirak edə bilərlər. 

- İnsanlarda kriptovalyutalara artan marağın səbəbi nə ilə əlaqədardır?

- Hesab edirəm ki, hazırda kriptovalyutalara artan marağın iki əsas səbəbi var. Birincisi, texnologiyanın inkişafı ilə bağlıdır. İqtisadiyyatın rəqəmsallaşdığı bir dövrdə, rəqəmsal valyutaların verə biləcəyi texnoloji imkanlar kağız pullar ilə müqayisədə daha çoxdur. 

İkincisi isə qiymət artımı prespektividir. Son 5 il ərzində kriptovalyutaların qiymətində müşahidə olunan artım tendensiyası insanlarda rəqəmsal aktivlərə nəinki ödəniş vasitəsi, həmçinin investisiya aləti kimi istifadə etməyə motivasiya edib. Nəticədə, insanlar həm yeni maliyyə texnologiyalarından faydalanır, bununla bərabər investor kimi də əlavə qazanc əldə edə bilirlər. 

Könül Oruc