Avropa Komissiyası Drujba neft kəmərini Rusiya Federasiyasına qarşı embarqo layihəsindən müvəqqəti çıxarmağı təklif edib. Bu 2024-cü ilin iyun və ya dekabr ayına qədər təxirə salına bilər.
Bu barədə "Unikal" Bloomberg-ə istinadən xəbər verir.
Qeyd olunur ki, kəmər Macarıstana xam neft idxalının əsas mənbəyidir. Məhz buna görə də bu ölkə Rusiya Federasiyasına qarşı yeni məhdudiyyətlər paketini bloklayıb.
"Təklif sövdələşməyə qarşı çıxan Macarıstana enerji ehtiyaclarını ödəyəcək texniki həll yolu tapmaq üçün daha çox vaxt verəcək", - mənbələr bildirib.
Bununla belə, onlar əlavə ediblər ki, yeni embarqo layihəsində digər dənizə çıxışı olmayan ölkələrin, o cümlədən Slovakiya və Çexiyanın narahatlıqları da nəzərə alınacaq.
Bunun fonunda embarqo layihəsinə Rusiya neftinin digər üzv dövlətlərə və ya üçüncü ölkələrə təkrar ixracına məhdudiyyətin daxil edilməsi təklif edilib.
Aİ səfirlərinin yenidən işlənmiş paketi müzakirə etmək üçün mayın 29-da bazar günü görüşməsi planlaşdırılır.
Xatırladaq ki, Avropa Şurasının rəhbəri Şarl Mişel Aİ ölkələrinin yaxın vaxtlarda Rusiya neftinə embarqo ilə bağlı qərar verəcəyini bildirib.
Ramil Zeynallı