Rusiya qazının “Şimal axını” ilə ixracının kəskin azalmasından sonra Avropa ölkələrinin iqtisadiyyatı ciddi çətinliklərlə üzləşəcək.
"Unikal" xəbər verir ki, bu barədə Forbes-in köşə yazarı Sal Gilberti yazır.
“Bu qış Rusiya qazının tədarükünün dayandırılması Avropa iqtisadiyyatını məhv edəcək. Almaniya təbii qazdan asılılıq nümunəsidir və hazırda bütün kartlar Rusiyanın əlindədir. Nəticələri çox böyükdür, çünki Almaniya Avropanın ən böyük, dünyada isə dördüncü iqtisadiyyatıdır. Onun taleyi bu qış Avropa və dünya iqtisadiyyatının taleyini müəyyən edəcək”, - Gilberti bildirib.
Avropanın müəyyən regionlarında artıq qazın topdansatış qiymətlərində kəskin artım müşahidə olunub. Forbes-in köşə yazarına görə, bununla belə, qlobal enerji bazarındakı böhran vəziyyəti ABŞ-dan yan keçməyib.
“ABŞ-da təbii qaz fyuçers bazarları illik müqayisədə heyrətamiz dərəcədə 95% artıb. Amma xoşbəxtlikdən, amerikalılar müəyyən ərazilərdə qazın topdansatış qiymətlərində 400% və ya daha çox heyrətamiz artımın müşahidə olunduğu Avropanı vurmuş kütləvi qiymət artımına bənzər heç nə yaşamayacaqlar”, Gilberty qeyd edir.
"Əgər Rusiya bütün Avropa boru kəmərləri ilə yanacaq tədarükünü dayandırarsa, bu, birja qazının qiymətinin daha da artmasına səbəb olacaq. Şimal yarımkürəsinin soyuq iqlimində yaşayanlar qışda istilik xərclərinin kəskin artması ilə üzləşmək üzrədir" deyə yazar bildirib.
Sentyabrın 6-da Norveçin Equinor neft-qaz şirkətinin baş vitse-prezidenti Helge Haugane bildirib ki, enerji şirkətlərinə 1,5 trilyon dollar məbləğində likvidlik zəmanəti verilməsə, Avropa bazarı çöküşlə üzləşəcək. Firmaların yüksək marja tələblərini müstəqil şəkildə yerinə yetirmək imkanı olmadıqda, Avropada yanacağın müqavilə ticarəti tamamilə dayandırıla bilər.
Ramil Zeynallı