Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Cavid Osmanov "Unikal"a müsahibə verib. O, Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdiyi təxribatlardan, bu addımı atmaqla düşmən tərəfinin hansı niyyətdə olmasından, Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin son təxribatçı addımından və s. məsələlərdən danışıb.

-Sentyabrın 12-si gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin bir neçə istiqamətində genişmiqyaslı təxribat törədilib. Bu günlərdə də düşmən təxribatları davam etdi və Azərbaycan Ordusu təxribatlara adekvat cavab verdi. Düşmən hansı məqsədlə sərhəddə təxribat törədib?

-Məlum olduğu kimi, sentyabrın 12-si gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu təxribat bir daha onu göstərdi ki, Ermənistan Azərbaycana qarşı revanşizm siyasəti yürüdür və ölkəmizə qarşı ərazi iddialarından çıxış edir. Ermənistan tərəfi uzun müddət idi ki, təxribatlara əl atırdı. Belə ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi qələbədən sonra düşmən tərəfi dəfələrlə təxribat törətməyə cəhd edib. Bu təxribat cəhdlərinin hər biri Rəşadətli Ordumuz tərəfindən alınıb və onlara layiqli cavab verilib. Ermənistanın təxribat törətməkdə məqsədi 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat üzrə öhdəliklərini yerinə yetirməkdən yayınmaq cəhdinin təzahürüdür. Onlar üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırırlar. Bu, bir daha onu göstərir ki, Ermənistanda revanşizm siyasəti, türkfobiya meylləri inkişaf edir və Azərbaycanla münasibətlərin normallaşmasına süni əngəl yaradılır. Ermənistan Vətən müharibəsindən sonra bir sıra ölkələrdən silah tədarük edərək Ermənistan-Azərbaycan sərhədi yaxınlığında hərbi birləşmələrin cəmləşməsini həyata keçirirdi. Son törədilən təxribat da məhz onların revanşizm siyasətinin təzahürü idi. 

-Son təxribatlar həm də Tovuz döyüşlərini xatırladırdı...

-Bəli, baş verənlər 2020-ci ildəki Tovuz döyüşlərini xatırladır. Eyni ssenari təkrarlanır. Biz o vaxt olduğu kimi, yenə də düşmənin sabotaj cəhdinin qarşısını qətiyyətlə aldıq. Əsas fərq ondan ibarət idi ki, o zaman torpaqlarımız işğal altında idi. İndi isə biz tarixi ərazilərimizi azad etmişik. Bir sözlə, Ermənistanın bundan sonrakı təxribatlarının qarşısı da alınacaq. Ümumiyyətlə, Ermənistan Azərbaycanla münasibətlərin normallaşmasını istəmir. Düşmənin ərazi iddiaları davam edir. Bununla əlaqədər olaraq beynəlxalq ictimaiyyət qarşı tərəfə təzyiqləri artırmalıdır.

-Ermənilərin törətdiyi son təxribata cavab olaraq keçirilən əməliyyatdan sonra hansı ərazilər Ordumuzun nəzarətinə keçdi?

-Azərbaycan Ordusu bir daha təxribat törədənlərə öz gücünü göstərid. Ordumuz Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə 7 saat ərzində unikal həmlə edərək mühüm yüksəklikləri nəzarət altına götürdü. Mühüm nəqliyyat sistemi nəzarət altına keçdi, bununla da onlara ciddi zərbə endirildi. Onlar başa düşdülər ki, "Dəmir yumruq" yerindədir, daha güclü və qüdrətlidir. Bundan sonra bir daha təxribat törətmək cəhdləri olarsa, "Dəmir yumruq" növbəti dəfə onları əzməyə hazırdır. Növbəti belə təxribat cəhdlərinin qarşısı daha sərt formada alınacaq. Ermənsitan üçün yeganə yol Azərbaycanla münasibətləri normallaşdırmaqdır. Əgər belə addım atmasalar, bu onlar üçün daha acı nəticələrə səbəb olacaq.

-Sonuncu Brüssel görüşündə sülh müqaviləsinin hazırlanması ilə bağlı razılıq əldə olundu. Bunun ardınca Ermənistan tərəfi sərhəddə törətdikləri ilə sülhdən yayınmağa çalışır...

-Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərdən sonra irəli sürdüyü bütün sülh təşəbbüsləri Ermənistan tərəfindən sabotaj edilir. Onlar müxtəlif formalarda bu sülh müqaviləsini imzalamaqdan boyun qaçırırlar. Belə ki, qarşı tərəf kommunikasiyaların açılması,  sülh müqaviləsinin imzalanması və münasibətlərin normallaşması istiqamətində irəli sürülən bütün təşəbbüsləri fərqli istiqamətə yönəldir. Bu, qarşı tərəfin yeni reallıqları qəbul etmədiyini göstərir.Yayılan dezinformasiyalar, üçtərəfli razılaşmaların şərtlərindən boyun qaçırılması bu məqamı təsdiqləyir. Ümumiyyətlə, İrəvan indiyədək əldə olunan bütün razılıqları sabotaj edir. Ermənistan yeganə çıxış yolu olan sülh müqaviləsini imzalamaqdan boyun qaçırır. 
Ermənistan təxribatı tək döyüş meydanında deyil, eyni zamanda dezinformasiya yaymaqla da törədir. Heç bir fakta söykənməyən yalan məlumatlar yayırdılar. Bir müddət sonra bütün dünyaya məlum oldu ki, bu, Ermənistan tərəfinin növbəti təxribatıdır. Çalışırdılar ki, müxtəlif platformalarda Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzuna zərbə vursunlar. Buna nail ola bilmədilər. Azərbaycan haqlı tərəfdir, öz ərazilərini işğaldan azad edib. Ermənistan isə işğalçılıq siyasətini davam etdirmək niyyətindədir. 

-Bu günlərdə Ermənistanın paytaxtı İrəvanda aksiyalar keçirilir. Bu etirazlar nə ilə nəticələnə bilər?

-Ermənistanın başını əzən "Dəmir yumruq" bu ölkədə mövcud olan böhranı daha da dərinləşdirdi. Ötən gün gecə saatlarından genişmiqyaslı mitinqlər keçirilir. Bu onu göstərir ki, Ermənistanda xaotik bir vəziyyət yaranıb. Bu ölkədə anarxiya hökm sürür. Artıq onlar böyük bir vətəndaş qarşıdurması astanasındadır. Bunun səbəbkarı isə birbaşa Ermənistanın hərbi-siyasi rəhbərliyidir. Onların yürütdüyü revanşizm siyasətinin nəticəsidir ki, bu ölkə acınacaqlı vəziyyətə düşüb. 

-Sərhəddə baş verənlərin fonunda Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin sentyabrın 1-də Dağlıq Qarabağdakı bir neçə separatçı-terrorçunun cəmləşdiyi qanundan kənar quruma “təbrik məktubu” göndərməsi diqqətdən kənarda qaldı. Bununla bağlı nə deyərdiniz?

-Rusiya Dövlət Dumasının deputatı, hakim Vahid Rusiya Partiyasının üzvü Konstantin Zatulin hər zaman Azərbaycana qarşı qərəzli mövqedən çıxış etməsi ilə yadda qalır. O, Ermənistana, hətta işğal dövründə Ermənistanın özünün tanımadığı qondarma rejimə belə açıq dəstəyini nümayiş etdirir. Zatulin o qədər irəli gedir ki, görünür, erməni lobbisi tərəfindən daha çox bəsləndikcə, hətta öz ölkəsinin prezidentinin əleyhinə bəyanatlar verməkdən belə çəkinmir. Rusiya Prezidenti Vladimir Putinin Qarabağı beynəlxalq hüquq və normalara uyğun olaraq Azərbaycanın tarixi torpaqları kimi tanıdığı bir məqamda Zatulin bunu inkar edir. Baxmayaraq ki, o, eyni zamanda hakim partiyanın üzvüdür, amma bu ərazilərdə məhz ermənilərin yaşamalı olduğunu dəfələrlə vurğulayır. Zatulin erməni lobbisindən bəslənərək açıq şəkildə bütün beynəlxalq hüquq və normaları pozur. O, qanunvericilik orqanının üzvü olmasına baxmayaraq, bütün qanunların üzərindən xətt çəkib qondarma rejimin rəhbərliyinə məktub ünvanlayır, onları sentyabrın 1-də “respublika günü” münasibətilə təbrik etməyi də özünə borc bilir. Zatulinin simasında qərəzli mövqedən çıxış edən belə adamlar elə Rusiyanın özü tərəfdən cəzalandırılmadıqca daha da hədlərini aşmağa davam edirlər. O, məktubunda açıq şəkildə qondarma rejimi təbrik edərək həmin ərazilərdə olan ermənilərin yanında olduğunu vurğulayır. Zatulinin, yəqin, yadından çıxıb ki, onun ölkəsinin rəhbəri bu ərazilərin beynəlxalq hüquq və normalar çərçivəsində Azərbaycanın tarixi torpaqları olduğunu qeyd edir.

Zatulin bu addımı ilə ilk növbədə öz ölkəsinin rəhbərinin iradəsinə, digər tərəfdən isə bölgədə sülh və əminamanlığa qarşı çıxır. O, qarşıdurmanın daha da alovlanmasına zəmin yaratmaq niyyəti güdür. Heç bir dünya ölkəsi, beynəlxalq təşkilatlar, o cümlədən Ermənistanın özü tərəfindən tanınmayan qondarma rejimə məktub ünvanlayan Zatulinə rəsmi Kreml tərəfindən ciddi cəza tətbiq edilməlidir. Eyni zamanda hakim Vahid Rusiya Partiyası tərəfindən Zatulin tənbeh olunmalıdır. Çünki qanunvericilik orqanının deputatının belə addım atması cəzasız qala bilməz. Zatulin bununla terrorçuluğu, ekstremizmi dəstəklədiyini açıq şəkildə nümayiş etdirmiş oldu. Bu da beynəlxalq hüququn kobudcasına pozulması deməkdir.

Anar Kəlbiyev