"Britaniya mina təhdidinin aradan qaldırılması üçün Azərbaycana dəstəyini davam etdirəcək".
"Unikal" xəbər verir ki, bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının səfiri Fergus Auld dekabrın 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirdiyi görüşdə bildirib.
Görüşdə Azərbaycan və Birləşmiş Krallıq arasında həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə mövcud olan əməkdaşlıqdan məmnunluq ifadə edilib və iki ölkə arasında enerji, nəqliyyat-tranzit, təhsil və digər sahələrdə mövcud olan əməkdaşlıq məsələləri ətraflı müzakirə olunub. İki ölkə arasında iqtisadi sahədə əldə olunan nailiyyətlərin olduqca əhəmiyyətli olduğu və Böyük Britaniyanın Azərbaycanda ən böyük birbaşa xarici investor olduğu vurğulanıb.
Nazir həmçinin müqabil tərəfi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma və bərpa işləri barədə məlumatlandırıb. Eyni zamanda bölgədə mina təhdidləri və üçtərəfli bəyanatların və əldə olunmuş razılıqların Ermənistan tərəfindən yerinə yetirilməməsi faktları diqqətə çatdırılıb.
F.Auld ölkələrimiz arasında müstəqillikdən bəri davam edən sıx əməkdaşlıq və tərəfdaşlıqdan məmnunluğunu diqqətə çatdırıb. O, iki ölkə arasında əməkdaşlığın uğurla davam etdiyini və energetika, alternativ enerji, təhsil, yüksək texnologiyalar və bir sıra digər istiqamətlərdə geniş perspektivlərin olduğunu bildirib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verdiyi xüsusi qeyd olunub. Səfir mövcud mina təhdidinin aradan qaldırılması istiqamətində səylərin, ərazilərin təmizlənməsi sahəsində Azərbaycana verilən dəstəyin davam edəcəyini diqqətə çatdırıb.
Görüşdə tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.