"Mən Ukrayna xalqı adından dost Azərbaycana humanitar xarakter daşıyan və müharibənin bu çətin aylarında göstərilən böyük yardıma görə minnətdarlığımı bildirmək istərdim".
"Unikal" xəbər verir ki, bunu bu gün jurnalistlərə açıqlamasında Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski bildirib.
"Azərbaycanın indiyə qədər göstərdiyi yardımı xatırlayırıq - bu, Ukraynada bir çox insanın həyatını xilas edən 1000 ton ərzaq, dərman, tibbi avadanlıqdır. Bu gün bizim üçün vacib yük - humanitar karvan göndəriləcək. Bu, xəstəxanalar, Ukraynanın enerji infrastrukturunun zərər çəkdiyi müəssisələr üçün nəzərdə tutulmuş enerji komponentləri və transformatorlar, generatorlardır. Bu bizim dəyər verdiyimiz, həmişə xatırlayacağımız səmimi dostluğun təzahürüdür və buna görə biz həm Azərbaycan rəhbərliyinə, həm də Azərbaycan xalqına çox minnətdarıq", - deyə səfir bildirib.
Qeyd edək ki, Ukrayna tərəfindən daxil olmuş müraciətlərə cavab olaraq, mövcud vəziyyətlə əlaqədar zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası məqsədilə, bu gün Azərbaycan tərəfindən Ukrayna xalqına əsas elektrik avadanlıqlarından ibarət humanitar yardım göndərilib.