Dövlət orqanlarında etik davranış qaydalarının tətbiqi, bu sahədə maarifləndirmə və mübahisələrin həllinə məsul olan etik müvəkkil vəzifəsi təsis edilir.
"Unikal" xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, etik davranış üzrə müvəkkil vəzifəsi təsis edilməklə, müvəkkilə aid tələblər və onun səlahiyyətləri müəyyən olunur.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”da dövlət qulluqçularının etik davranış qaydalarının tətbiqinin təkmilləşdirilməsi və dövlət orqanlarında etik davranış qaydalarına daha ciddi riayət edilməsinin təmin edilməsi məqsədilə dövlət orqanlarında etik davranış qaydalarının tətbiqi, bu sahədə maarifləndirmə və mübahisələrin həllinə məsul olan etik müvəkkil vəzifəsinin təsis edilməli olduğu qeyd olunub.
“Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2019−2021-ci illərdə icrası üzrə Fəaliyyət Planına əsasən, Nazirlər Kabineti və Dövlət İmtahan Mərkəzi 2019-cu ildə dövlət orqanlarında etik müvəkkil vəzifəsinin təsis edilməsinə dair təkliflər hazırlamalı idilər. Qanun layihəsi də məhz buna uyğun olaraq hazırlanıb.
Rəhbər vəzifələr üzrə 3 ildən az olmamaqla, 5 ildən çox dövlət qulluğunda inzibati vəzifələrdə qulluq keçən və yüksək mənəvi keyfiyyətlərə malik şəxslər etik davranış üzrə müvəkkil ola bilərlər.
Etik davranış üzrə müvəkkil:
- etik davranış qaydalarına emal olunması vəziyyətini öyrənir, etik davranış qaydalarının pozulmasına şərait yaradan halları təhlil edir və onların aradan qaldırılması ilə bağlı dövlət orqanının rəhbərinə təkliflər və tövsiyələr verir;
- dövlət qulluqçularından və digər şəxslərdən etik davranış qaydalarının pozulması ilə bağlı daxil olan müraciətlərə baxır,
- daxil olan müraciətlərdən irəli gələn məsələlərin həlli üzrə dövlət orqanının rəhbərinə təkliflər, tövsiyələr və təqdimatlar verir;
- dövlət qulluqçularının etik davranış qaydaları ilə bağlı maarifləndirilməsi üçün tədbirlər görür, o cümlədən etik davranış qaydalarının tətbiqi ilə bağlı təlim proqramlarını hazırlayır və təlimlərin təşkilində iştirak edir;
- etik davranış qaydalarının pozulmasının qarşısının alınması istiqamətində profilaktik tədbirlər görür, etik davranış qaydalarının pozulması faktları üzrə dövlət orqanının rəhbərinə məlumat verir;
- dövlət qulluqçularının etik davranış qaydaları ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər verir.
Etik davranış qaydalarının pozulmasına görə məsuliyyət halları artır. Belə ki, layihəyə əsasən, bu Qanunun müddəalarının dövlət qulluqçusu tərəfindən pozulmasının etik davranış üzrə müvəkkil tərəfindən müəyyən edilməsi ilə intizam icraatına başlanıla biləcək.
Qanun layihəsi səsə qoyularaq III oxunuşda qəbul edilib.