"Böyük Qayıdış Proqramı uğurla icra edilir".
"Unikal" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib.
"Bir neçə şəhərdə artıq inşaat işləri geniş vüsət almışdır. İlk növbədə Şuşa, eyni zamanda, Ağdam, Füzuli, Zəngilan, Laçın şəhərlərində geniş quruculuq işləri gedir, xəstəxanalar, məktəblər, yaşayış binaları inşa edilir", - dövlət başçısı bildirib.
Bununla yanaşı, 10-dan çox kəndin Baş planının təsdiqləndiyini və bir neçə kəndin təməlini şəxsən qoyduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Bütövlükdə deməliyəm ki, azad edilmiş bütün şəhərlərimizin və qəsəbələrimizin Baş planları hazırlandı, təsdiqləndi. Bütün işlər Baş planlar əsasında gedəcək. Eyni zamanda, Böyük Qayıdış Proqramında bizim bütün planlarımız öz əksini tapıb və əminəm ki, yüz minlərlə keçmiş köçkün yaxın gələcəkdə öz doğma torpağına qayıdacaq”.
Dövlətimizin başçısı bununla paralel olaraq, minatəmizləmə işlərinin də aparıldığını vurğulayıb. “Əfsuslar olsun ki, Ermənistan bizə dəqiq mina xəritələrini verməyib, 300-ə yaxın azərbaycanlı müharibədən sonrakı dövrdə mina faciəsi nəticəsində ya həlak olmuş, ya da ağır yaralanmışdır”, - deyə Prezident İlham Əliyev qeyd edib.