"Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Dünyada yaşayan bütün soydaşlarımızı ənənəvi olaraq səmimiyyətlə salamlayır, onlara uğurlar arzulayıram".
"Unikal" xəbər verir ki, bunu Prezident İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına müraciətində deyib.
"Onlar bilirlər ki, güclü müstəqil Azərbaycan dövləti var və onların arxasında dayanır. Əminəm, bu gün xaricdə yaşayan azərbaycanlılar haqlı olaraq fəxr edirlər ki, müstəqil Azərbaycanın, müzəffər Azərbaycanın övladlarıdır", - dövlət başçısı qeyd edib.
Ölkə başçısı həmçinin 2022-ci ildə Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının Qurultayını tarixi hadisə adlandırıb.
"Bu qurultayın məhz Şuşada keçirilməsi çox böyük rəmzi məna daşıyırdı. Necə ki, Azərbaycan cəmiyyəti, Azərbaycan vətəndaşları bir yumruq kimi birləşib, əminəm, dünya azərbaycanlıları, onların mütləq əksəriyyəti də eyni yanaşma göstərəcəklər. Hər halda güclü Azərbaycan dövləti onlar üçün böyük dayaqdır", - Prezident İlham Əliyev bildirib.